II Bundesliqa təmsilçisi “Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının futbolçusu Mahir Emreli barədə danışıb.
Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “Bild” nəşrinə Azərbaycan millisinin hücumçusunun nümayiş etdirdiyi oyunla bağlı fikirlərini bildirib.
“Ona kompakt oynamağın vacibliyini izah etdim, daha intensiv məşqlərə ehtiyacı olduğunu söylədim. O, hər şeyi başa düşür.
Mən çox müsbət cəhətlər görürəm, lakin bu o demək deyil ki, bazar günkü matçda (“Köln”lə oyunda - red.) hər şey düzələcək” - deyə Kloze qeyd edib.
“Nürnberq”in baş məşqçisi Emrelinin tez-tez nümayiş etdirdiyi texnikalı oyun barədə də danışıb:
“Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Sadəcə, effektli olmasını istədim.
Çünki əgər əhvalın pisdirsə və az qaçırsansa, o zaman bu fəndlərin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətlilikdir”.
M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib.