Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ" və Polşa "Legiya"sında uğurlarını təkrarlayıb.
"Nürnberq"də çıxış edən hücumçu buna ötən gün "Hamburq"la heç-heçə (1:1) etdikləri II Bundesliqanın XI turunun matçında fərqlənməklə nail olub.
27 yaşlı forvard meydana çıxdığı ardıcıl dörd qarşılaşmada rəqib qapılarına yol tapıb.
Emreli II Bundesliqada "Qroyter Fyurt"a qalib gəldikləri oyunda (20 oktyabr, 4:0) hesabı açıb, bundan beş gün sonra "Reqensburq"u 8:3 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.
O, "Hoffenhaym"a yenildikləri (30 oktyabr, 1:2) Almaniya Kubokunun 1/16 final matçında da adını tabloya yazdırıb.
Hücumçu "Qarabağ" və "Legiya"da da bunu bacarıb. Oyunçu Ağdam təmsilçisində 2020-ci ilin dekabrından 2021-ci il fevralın 13-dək Premyer Liqada meydana çıxdığı dörd matçda qol vurub.
Emreli həmin vaxt "Zirə"yə (24 dekabr, 3:2) və "Sabah"a (21 yanvar, 2:1) qalib gəldikləri görüşdə bir dəfə fərqlənibsə, "Səbail"i (28 yanvar, 4:0) üstələdikləri qarşılaşmada dubl müəllifi olub. Forvard "Neftçi"yə uduzduqları (13 fevral, 1:2) oyunda da qolla yadda qalıb.
Daha sonra yayda Varşava təmsilçisinə keçən Emreli burada da ardıcıl 4 qarşılaşmada qol vurub.
O, Ekstraklasanın VIII turunda "Qurnik"ə (19 sentyabr, 3:1) qalib gəldikləri, ölkə kubokunda "Suvalki"ni (22 sentyabr, 3:1) məğlub etdikləri və IX turda "Rakuv"a uduzduqları (30 sentyabr, 2:3) matçda adını tabloya yazdırıb.
Ardınca isə İngiltərə təmsilçisi "Lester"i yendikləri (30 sentyabr, 2:1) Avropa Liqasının matçında adını tabloya yazdırıb.
M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb.