AFFA daha bir futbolçunu milliləşdirmək istəyir.
Belə ki, federasiya əslən Azərbaycandan olan, “Rux”un futbol akademiyasında çıxış edən Rolan Mustafayevlə maraqlanır.
16 yaşlı futbolçu hazırda Ukraynanın U-17 yığmasının aparıcı futbolçusudur. Sol cinah vingeri Azərbaycan millisinin üzvü, “Polesye”də oynayan Emil Mustafayevin də qardaşıdır.
Sportinfo.az xəbər verir ki, Mustafayev sportal.az-a qardaşı haqda danışıb.
O, Rolanı Azərbaycan millisində görmək istədiyini bildirib:
"Bəli, Rolan hazırda Ukrayna yığmasında oynayır. Sizə düzünü deyim, qardaşımla birlikdə Azərbaycan millisində oynamaq arzumdur.
Amma onun hansı komandada oynayacağına qərar vermək hüququm yoxdur. Hər halda biz qardaş olsaq da, seçim onun özündədir. Zamanla hər şeyi görəcəyik".
Emil Mustafayev yığmada ilk oyununu martın 22-də Monqolustana(1:0) qarşı keçirilmiş rəsmi matçda debüt etmişdi.