COP29

"Xetafe"də oynayan azərbaycanlı ilə MÜSAHİBƏ

23 İyun 02:10 Bizimkilər 610
"Xetafe"də oynayan azərbaycanlı ilə MÜSAHİBƏ

"İspaniyada futbol fərqlidir, eyni yaş qrupunda altı liqa var.

Onun üçün də çox məşq etməlisən, çünki hər an yerini itirə bilərsən".

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində hazırda İspaniyanın "Xetafe" klubunda çıxış edən 14 yaşlı azərbaycanlı futbolçu Turan Qasımlı deyib.

Turan Cəmşid oğlu Qasımlı Sumqayıtda beş yaşından karate idman növü ilə məşğul olub və altı yaşında uşaqlar arasında Azərbaycan çempionu adına yiyələnib. Müəyyən vaxtdan sonra valideynləri ilə İspaniyanın Malaqa şəhərinə köçüb. Burada qısa müddət karate ilə məşğul olan Turan öz istəyi ilə "Malaqa" klubunun uşaq futbol məktəbinə yazılıb.

Turanın solaxay olması, eyni zamanda, sağ ayağını da sol ayağı kimi aktiv işlətməsi, sürətli və qıvraq biləklərinin olması, mükəmməl ara pasları ilə oynaması qısa müddətdə məşqçilərin diqqətini çəkib. 2018/19 mövsümündə klubun "Benjamin A" komandasına cəlb olunub, mövsümün ikinci dövrəsində yeddi nömrəli formanı geyinərək komandanın dəyişilməz oyunçusuna çevrilib. İkinci dövrədə 15 oyunun hamısında start heyətdə meydana çıxıb. Orta sahə və ya sol cinahda oynamasına baxmayaraq, 14 qol, 17 məhsuldar ötürmə ilə klub məşqçilərinin diqqətini bir az da üzərinə çəkib və oynadığı klubda ilin ən dəyərli oyunçusu seçilib.

2019/20 mövsümünün başlanğıcında İspaniyanın Qranada şəhərində xeyriyyə oyunu təşkil edilib və bu oyunda İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaq dəvət edilib. Turan da bu oyuna dəvət alıb. Turanın oynadığı komanda finalda həmyerlimizin vurduğu iki qol və bir məhsuldar ötürmə ilə 3:1 hesabı ilə qalib olub.

Turanla müsahibəni təqdim edirik:

- Əvvəllər karate idman növü ilə məşğul olmusunuz. Futbola keçmək qərarını necə verdiniz?

- Bəli, dörd yaş yarımdan Sumqayıtda karate ilə məşğul olmuşam. İspaniyaya altı yaşımda köçdük, altı ay orada da karate ilə məşğul oldum. Karate idman kompleksinin yanında "Malaqa" futbol klubunun bazası var idi, orada uşaqlar futbol oynayırdılar, məşqə gedib-gələrkən onları izləməyə başladım və beləcə, maraq oyandı.

Atam da məni dəstəklədi. Daha sonra isə "Malaqa"nın aşağı yaş qruplarında çıxış etməyə başladım.

- "Malaqa"dan sonra "Xetafe" klubuna keçdiniz.

- "Xetafe"yə keçəndə özümü şanslı hiss etdim. Burada məşqlər daha intizamlı, daha sərt idi və mən daha çox şeylər öyrənəcəyimi və öyrənməli olduğumu anladım.

- Hazırda məşq prosesi necə keçir?

- İndi kateqoriya seçimləri gedir. Mən də ən yüksək liqada oynamağa haqq qazanan iyirmi uşaqdan biri ola bildim.

- "Xetafe"də çıxış etmək necə bir hissdir?

- İspaniyada futbol fərqlidir, eyni yaş qrupunda altı liqa var. Onun üçün də çox məşq etməlisən, eyni bir komandada daim oynayacağına heç kim zəmanət vermir və hər an yerini itirə bilərsən. Məhz buna görə də maksimum konsentrasiya, intizam tələb olunur, meydanda olarkən komandaya faydalı olmalısan. Bu il 28 oyunun 27-də ilk 11-də oynadım, 20 qol, 26 məhsuldar ötürmə ilə mövsümü bitirdim. Hədəfim gələn mövsüm daha da yüksək nəticələr qazanmaqdır. Bu komandada çıxış etmək çox gözəl və ifadə oluna bilməyəcək hissdir.

- "Xetafe"dən də ayrılıb, La Liqada yüksək pillə tutan komandaya keçmək arzusu varmı?

- Oynamaq istədiyim klub məhz "Barselona" olub. Hədəfim də Kataloniya komandasında çıxış etmək şansını qazanmaqdır və bunu edə biləcəyimə inanıram.

- Kumiriniz var?

- Kumirlərim Andres İnyesta və Lionel Messidir.

- Hazırda hansı məktəbdə oxuyursunuz?

- Kembric kollecində ingilis dilində təhsil alıram.

- Futbolla məşğul olmaq dərslərə mane olurmu?

- İspaniyada təhsil önəmli olduğu üçün klublar məşqləri dərslərə görə tərtib edirlər. Dərslərim isə çox yaxşıdır.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Asudə vaxtım çox az olur, onu da dostlarımla üzməyə, ya da kitabxanaya gedərək keçirirəm. Arada kompüter oyunları oynayıram.

- Futbolla məşğul olmaq istəyən yaşıdlarınıza nə demək istəyirsiniz?

- Yaşıdlarıma tövsiyəm odur ki, çox işləsinlər, məşq prosesində maksimum öyrənsinlər və öyrəndiklərini meydanda qorxmadan göstərsinlər. Bəlkə, ilk başlarda səhv edəcəklər, amma bu səhvləri analiz edib bir daha təkrarlamamaq üçün ehtiyat etməlidirlər. Bundan başqa, demək istədiyim odur ki, bir məşqçinin oyun strategiyasına uyğun deyilsinizsə və sizi oynatmırsa, əsla həvəsdən düşməyin. Daha çox çalışın və hər fürsəti yaxşı mənada dəyərləndirin. Özünə inam həmişə olmalıdır, eqodan uzaq durmalı, maksimum ciddiyyət göstərməli, komanda yoldaşlarına hörmət etməlisiniz.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?