COP29

Qarabağda yeddi oğul... Hamısını ermənilər güllələyib

11 İyul 08:40 Bizimkilər 1 065
Qarabağda yeddi oğul... Hamısını ermənilər güllələyib

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn ediləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.Şəhidlər iyulun 12-də Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər xiyabanında dəfn olunacaq.

Bu məqamda “qafqazinfo” şəxsiyyəti müəyyənləşdirilən şəhidlərimiz haqda bəzi məlumatları təqdim edir.

Dadaşov Uğur Eldar oğlu - özünümüdafiə dəstəsi

O, 1975-ci ildə Qaradağlı kəndində doğulub. Qaradağlı kənd orta məktəbinin şagirdi olub. Sözügedən kənd 1992-ci ilin fevralında işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı, Uğur və atası Eldar Dadaşov da ermənilər tərəfindən əsir götürülüb. Erməni vandalları onun atasını kəndin qırağında - Uğurun gözləri qarşısında qətlə yetirmiş, özünü isə “Bəylik Bağı”nda öldürmüşdülər.

Doluxanov Rəhim Məhkəmə oğlu - özünümüdafiə dəstəsi

Doluxanov Rəhim 6 dekabr 1969-cu ildə Qaradağlı kəndində doğulub.

1989-cu ilin noyabrında hərbi xidmətə çağırılan Rəhim SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra Qaradağlı kəndinə qayıdaraq kənd özünümüdafiə dəstəsinə qoşulub. Qaradağlı kəndinin müdafiəsində ön sıralarda gedənlərdən olub. Rəhim Doluxanov da Qaradağlı kəndi işğal olunduqdan sonra əsir götürülərək “Bəylik Bağı”nda qətlə yetirilib.

Tağıyev Telman Tevon oğlu - özünümüdafiə dəstəsi

Şəhid Tağıyev Telman 1953-cü il fevral ayının 20-də Qaradağlı kəndində doğulub. Beş övlad atası olan Telman Tağıyev Qaradağlı kənd orta məktəbində maşınşünaslıqdan dərs deyib. O, Qaradağlı kəndinin erməni təcavüzkarlarına qarşı qorunmasında fəal iştirak edib. Kəndin 2 km yaxınlığındakı “Bəylik Bağı” adlanan ərazidə əsasən cavanların olduğu “əsir daşıyan avtomobil” saxlanılaraq, onların bir hissəsi burada vəhşicəsinə güllələnib.

Məhz bu vaxt Telman Tağıyev əlində gizlətdiyi qumbaranı partladıb. Özü şəhid olmaqla yanaşı, bir neçə erməni silahlısını məhv edib.

Abbasov Sərvər İldırım oğlu - hərbçi

1962-ci il noyabr ayının 10-da Qaradağlı kəndində doğulub. 1991-ci ilin yanvar ayında o, polis (milis) leytenantı olaraq Qaradağlı kəndinə sahə müvəkkili vəzifəsinə təyin olunub. Kənd işğal olunduğu zaman Sərvər Abbasov da ermənilər tərəfindən əsir götürülüb, “Zəki bulağı” deyilən yerdə güllələnərək qətlə yetirilib. Sərvər Abbasovun iki övladı yadigar qalıb.

Məmmədov Ədalət Şahmar oğlu - hərbçi

Məmmədov Ədalət Şahmar oğlu 1958-ci il may ayının 31-də Qaradağlıda doğulub. Ədalət Məmmədov Qaradağlı kənd könüllü özünümüdafiə dəstəsinin komandiri olub.

Qaradağlının işğal edildiyi gün o da ermənilər tərəfindən əsir götürülüb və şəhid edilib. Ədalət Məmmədov ailəli idi və 2 övladı yadigar qalıb.

Mustafayev Qərib Həsrət oğlu - hərbçi

1962-ci ildə Beyləqan rayonu Dünyamalılar kəndində doğulub.

Ermənilərin Qaradağlıya hücumları başlayandan Qərib Mustafayev də Polis bölməsinin gənc əməkdaşlarından biri kimi kəndin qorunmasında yaxından iştirak edib. O da əsir götürülərək “Bəylik Bağı”nda güllələnib. Ailəli idi, iki övladı yadigar qalıb.

Şəxsiyyəti müəyyənləşdirilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlu da hərbçi olub. Şəhidimiz Ağdam rayonu, Quzanlı qəsəbəsi Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Emin Səfərov

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə