
"Məğlub olduğumuz üçün çox məyusuq. Bu günün ən vacib məsələsi hakimlərin performansı idi".
Sportinfo.az xəbər verir ki, bunu “Naxçıvan”nın baş məşqçisi Murat Dikmen “Abşeron”la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-offun ikin matçında qeydə alınan 79:85 hesablı məğlubiyyəti şərh edib:
"Hakimlər pley-off mərhələsində sərtliyin qədərini düzgün dəyərləndirə bilmədilər. Buna görə də komandamızın müdafiədəki aqressiv oyunu bizə foul problemi yaratdı.
Həyatımda ilk dəfə görürəm ki, görüşün yekunlaşmağına 2 dəqiqə qalmış 4 foul verildi. Ona görə də rəqibə qarşı təmaslı oynaya bilmədik.
Uzunumuzun, hücumçularımızın və oyunqurucumuzun erkən foul problemi yaşaması oyun ritmimizi çox aşağı saldı. Mən normalda hakimlərdəm şikayət edən biri deyiləm, amma bu gün matçın sərtlik dərəcəsini idarə edə bilmədik.
Buna görə də məğlub olduğumuzu düşünürəm. Ümid edirəm ki, önümüzdəki matçı qazanıb adımızı yarımfinala yazdırarıq".
"Abşeron" seriyada hesabı bərabərləşdirib. Yarımfinalçının adına 3-cü oyunda aydınlıq gələcək.