
"Rəhbərliklə mütəmadi olaraq danışırıq, federasiyada görüşürük, hələlik millidə işimi davam etdirirəm".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis yığmanın dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki çıxışı barədə danışıb:
"Yığmamız uzun müddət beynəlxalq turnirlərdə çıxış etmirdi. Endər Poladxanlının 26 yaşı var, amma ilk dəfə Avropa yarışında iştirak edirdi. O, komandanın aparıcı üzvlərindən biridir. Azərbaycan Basketbol Liqasında bəzən amerikalı basketbolçular oyunu öz üzərilərinə götürürlər. Bizimkilərdən də yaxşı oynayanlar var. Amma yığmada bir əcnəbi oyunçu ola bilər. Oyunu özləri qurmalıdırlar. Hər şey təcrübədən irəli gəlir. Komandada cavan uşaqlar çoxdur. İşləməyə vaxt az olur. Yığma ilə daha çox təlim-məşq toplanışı keçmək istəyərdik. Bir həftə qalmış yığışırıq. O qədər də dəyişiklik edə bilmirlər. Uşaqlarla da görüşəndə deyirəm ki, üzərilərində çox işləməlidirlər ki, nəticələr daha yaxşı olsun".
NTD-nin baş məşqçisi olan Tahir Baxşıyev komandasının Azərbaycan Basketbol Liqasındakı çıxışı barədə qısa danışıb:
"Pley-offa yüksələ bilməməyimizin əsas səbəbi yorğunluq idi. Kubokun qalibi olduq, yarımfinal oyunları arasında vaxt az idi. Ötən il "Neftçi" kuboka sahib çıxmışdı, həmin vaxt onlar da pley-offa yüksələ bilməmişdilər. Əlbəttə, zədələr də sözünü dedi. Şansımız var idi, "Abşeron"a qarşı pis oynamadıq. Amma sürətin az olduğu görünürdü. Bu dəfə bizdə alınmadı".