
Sportinfo.az xəbər verir ki, "Ordu” basketbol komandasının ispaniyalı baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının pley-offunda “Neftçi” ilə keçiriləcək matçdan əvvəl mətbuat xidmətinə müsahibə verib.
- Komandada 1/4 final oyunu öncəsi vəziyyət necədir?
- Komanda “Neftçi” ilə qarşılaşmanı səbirsizliklə gözləyir. Ən yaxşı şəkildə mübarizə aparmağa və oynamaya hazırıq. Oyunçular diqqətlidir və mümkün qədər mübarizə aparmağa hazırdırlar.
- Bu seriyada “Neftçi”ni məğlub etmək imkanları haqqında nə düşünürsünüz?
- Təbii ki, “Neftçi” yarımfinala yüksəlmək üçün favoritdir. Onlar üçün bu seriyanı qazanmaq məcburidir. Bizim isə onları mübarizədən kənarlaşdırmaq üçün az da olsa şansımız var. “Neftçi” güclü rəqibdir və liqanın ilk üç komandası arasındadır. Bizim üzərimizdə heç bir təzyiq yoxdur. “Quba”ya qarşı oynayanda da belə idi, qalib gəlməli idik və qazandıq. İndi də “Neftçi”yə qarşı eyni düşüncəylə çıxırıq.
- Komandamız bu oyuna necə hazırlaşıb?
- Mən zədəli oyunçular və ya hakim səhvləri ilə bağlı bəhanələr gətirən məşqçi deyiləm. Əlimdə olan oyunçularla oynayıram. Amma aydındır ki, Quba ilə ilk oyunda ən yaxşı bombardirimizi itirdik və bu seriyada o, bizə kömək edə bilməyəcək. Transfer bazarının bağlanmasından əvvəl komandamıza gətirdiyimiz yeganə oyunçu isə cəmi 15 gün sonra klubdan ayrıldı və biz onu əvəz edə bilmədik. Bu da bizi çətin vəziyyətdə qoydu.
- “Neftçi” haqqında fikirləriniz nədir?
- Dediyim kimi, onlar liqanın ən güclü 3 komandası arasındadır. Mövsüm ərzində 3 dəfə baş məşqçi dəyişdirdilər. 12 amerikalı oyunçu ilə müqavilə imzaladılar və Azərbaycan milli komandasının kapitanı və oyun qurucusu da onlardadır. Bu komandada nəticə qazanmaq üçün məşqçinin istəyəcəyi hər şey var. Onların oyun tərzini bəyənirəm.
- Sabahkı oyundan nə gözləyirsiniz?
- Ümid edirəm ki, rəqabət apara və yaxşı basketbol oynaya biləcəyik. Son beş dəqiqəyə qədər oyunda qalmağı bacarsaq, şanslarımız artır. Təzyiqsiz oynamaq bu vəziyyətdə bizə kömək edə bilər. Oyunçularıma dediyim tək şey budur: bütün gücünüzü ortaya qoyun ki, ilk oyunun sonuna qədər qalibiyyət şansımız olsun.