
"Səhvlərimizi anlayıb onları aradan qaldıracağıq".
Sportinfo.az xəbər verir ki, bunu "Sərhədçi" basketbol komandasının baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis "Sumqayıt"a 97:100 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqib maraqlı komandadır. Amerikalı basketbolçuları “üçlük”lərdə çox yaxşıdırlar. Bunu atmağı bacarırlar və sistemsiz də atırlar. İstədiyiniz formada müdafiə olunarkən belə dəqiq oynayırlar. Ötən oyundakından 3 xal çox atdılar. Yenə eyni faizdə “üçlük"lə yadda qaldılar".
E.Alkaya sözügedən qarşılaşmada müdafiədə səhvlər etdiklərini bildirib:
"Ribaundları onlara verdik. Ötən oyundakı rahat qalibiyyət bu məğlubiyyətin səbəbi oldu. Pis oynamadıq və 97 xal qazandıq. Bu, ciddi rəqəmdir. Amma müdafiədə daha diqqətli olmalıyıq. Çox az “üçlük” atdıq. Etdiyimiz səhvlər bizə baha başa gəldi. Oyunçularla matçdan sonra bunu danışdıq. Amma rəqib fərqli komandadır. Heç bir sistem yoxdur, sadəcə, xal qazanırlar. Boşluqlar tapıb “üçlük”lər atırlar. Əlimizdən gələni edib pley-offa yüksəlmək istəyirik".
İlk qarşılaşmada "Sərhədçi" qalib gəldiyi (123:97) üçün pley-offa vəsiqə qazanacaq komandanın adına üçüncü matçda aydınlıq gələcək.