
“Sumqayıt” basketbol klubunun baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə müsahibə verib.
Sportinfo.az xəbər verir ki, o, komandasının durumunu dəyərləndirib, növbəti oyunlar barədə danışıb.
- Mövsümün gedişində baş məşqçi vəzifəsinə təyin olundunuz. Nəzərə alaq ki, ötən mövsümdən bu komandada köməkçi məşçi kimi çalışırdız. Yükü çiyninizə götürdükdən sonra “Sumqayıt”da nəyi dəyişə bildiniz?
- Hər şeydən əvvəl mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Hərçənd bu vəzifəyə təyin olunanda komanda B qrupunda sonuncu yerdə gedirdi. İndi isə inamla turnir cədvəlinin ortasında qərarlaşmışıq. Bizim oyunlarda topladığımız xallar və qazandığımız qələbələr çox yaxşı komanda olduğumuzu göstərir. Mən baş məşqçi təyin olunduqdan sonra heyətin bütün legionerlərini dəyişdim. Təəssüf ki, transfer əməliyyatını limit problemi ilə üzləşdiyimizə görə sona qədər başa çatdıra bilmədim. İndi sərəncamımda cəmi 4 legioner basketbolçu var. Halbuki, 5-cini də gətirə bilərdik. Sizi əmin edirəm, bunu etsəydik, biz qrupda ilk pillə uğrunda mübarizə aparardıq.
- Bu komandanı ötən mövsümdəki “Sumqayıt”la müqayisə edə bilərsiniz? Arada hansı fərqlər var?
- Əlbəttə, bu komanda daha yaxşı təsir bağışlayır. Məncə, indiki heyət daha güclüdür. Amma ötənilki komandadan Roderik Smiti indi sıralarımızda görmək istəyərdim. Onun yeri görünür. Smit ötən mövsüm çempionata damğa vuran oyunçulardan idi. Təəssüf ki, o bura qayıtmadı və karyerasını Meksikada davam etdirmək qərarına gəldi.
- “Sumqayıt” çempionatın ən məhsuldar komandasıdır. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, biz oyunda yüksək xallar toplamağı bacarırıq. Amma istərdik ki, yaxşı da müdafiə olunaq. Bu yöndə problemlərimiz var. Amma bunun da səbəbləri məlumdur. Ən əsası legionerləri rotasiya edə bilmədiyimizdən belə çətinliklə üzləşirik.
- Pley-in mərhələsində hədəf və strategiyamız nədən ibarət olacaq?
- Doğrusu, hansı komanda ilə qarşılaşacağımız elə də böyük önəm kəsb etməyəcək. Məqsəd qalib gəlib pley-offa çıxmaqdır.