
"Məqsədimiz Azərbaycan Kubokunu qazanmaqdır".
Sportinfo.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Murad Babayev “Neftçi”yə qarşı Azərbaycan Kubokunun oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, şansların bərabər olduğunu bildirib:
“Düşünürəm ki, kubokda bütün komandaların şansları bərabərdir. Əhval-ruhiyyəmiz yüksəkdir və məşqlərə ciddi yanaşırıq. Məqsədimiz kuboku qazanmaqdır”.
Basketbolçu hazırlıqlar barədə də danışıb:
“Hazırlıqlarımız tam sürətlə davam edir. Psixoloji baxımdan da hazırıq. İstəyirik ki, özümüzə layiq oyun göstərərək finala yüksələk. Təbii ki, liqada limit "4+1" şəklində olduğu üçün kubokda komandaların daha zəif oyun nümayiş etdirdiklərini düşünürlər. Amma deyərdim ki, hər kollektivdə legionerlərlə eyni səviyyədə oynayan yerli oyunçular var. Mənə görə bu, oyunun keyfiyyətinə o qədər də təsir etmir”.
M.Babayev öz oyunu haqqında da danışıb:
"Artıq çempionat sona yaxınlaşır və səhv etmək şansımız azalır. Mövsümün ilk yarısında komanda kimi istədiyimiz oyunu göstərə bilməsək də, sonradan yeni gələn legionerlərlə tempi tutmuşuq. Öz oyunuma gəlincə, xeyli müddət basketboldan uzaq qaldığım üçün tam hazır olduğumu deməzdim. Amma yavaş-yavaş buna doğru irəliləyirəm”.
"Neftçi" - NTD görüşü martın 28-də baş tutacaq.