
“Gəncə” ilə oyunda 16 sərbəst atışdan yararlanmağı bacarmadıq".
Sportinfo.az xəbər verir ki, bunu “Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XIX turunda “Gəncə” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis 3 xallıq atışlarda zəif olduqlarını söyləyib:
"Bugünkü matça görə oyunçularımın hər biri ilə fəxr edirəm. İlk hissədə 11 xal fərqlə geri düşməyimizə və motivasiyamızın korlanmasına baxmayaraq, basketbolçulara geyindikləri forma üçün oynamalarını tapşırdım. İkinci hissədə müdafiə planımız işə yaradı. Rəqibə 19 dəfə top itkisi yaşatdıq. Matçın "qırılma nöqtəsi" burada oldu. Əslində, daha rahat şəkildə qalib gələ bilərdik. 16 sərbəst atışdan yararlanmağı bacarmadıq. Bu problemi düzəltməyimiz lazımdır. 3 xallıq atışlarda da zəif oynadıq”.
B.Meriç komandanı dəstəkləyənlərə təşəkkürünü bildirib:
“İstənilən halda, qalib gəldik. Oyuna baxmağa gələn azarkeşlərimizə, həmçinin bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Əlavə olaraq klubun heyətinə – media nümayəndəsindən həkiminə kimi təşəkkür edirəm. Amma işimiz hələ bitməyib. Qarşımızda daha 40 dəqiqə var. Mövsümün əvvəlində qarşımıza 1/4 finala çıxmağı məqsəd qoymuşduq. Lənkərandakı matçda da qalib gəlib, önümüzə qoyduğumuz məqsədə nail olacağıq. Uşaqlar möhtəşəm hekayə yazır. Bu hekayə bizi hara kimi aparacaq, hamımız birlikdə görəcəyik".
B qrupunda baş tutan “Şəki” - “Gəncə” görüşü meydan sahiblərinin 91:87 hesablı qələbəsi ilə yekunlaşıb.