
"Ardıcıl məğlubiyyətlərə görə oyunçularda psixoloji cəhətdən problem yaranır".
Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının XIX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Belaruslu mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Ordu" qrupumuzun ən güclü komandalarındandır. Onları qələbə münasibəti ilə təbrik edirəm. Çətin oyun keçdi. Heyətlə bağlı problemlərimiz öz sözünü dedi. Ehtiyat oyunçular skamyasının kasadlığı basketbolçuların daha tez yorulmasına səbəb oldu. Gücümüz yalnız ilk 2 hissədə mübarizə aparmağa yetdi. Ardıcıl məğlubiyyətlərə görə oyunçularda psixoloji cəhətdən problem yaranır. Çalışacağıq ki, bunu aradan qaldırıb komandanı "Şəki" ilə oyuna kökləyək. Müntəzəm çempionatın son turunda evdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik".
"Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 87:65 hesablı qələbəsi ilə yekunlaşıb.