
"Hücumda intizamlı oynaya bilmədik".
Sportinfo.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XVIII turunda “Neftçi” ilə qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis matça yaxşı başlasalar da, sonluğun istədikləri kimi alınmadığını vurğulayıb:
“Matça yaxşı başladıq. Amma oyunun sonu istədiyimiz kimi alınmadı. Üçüncü periodda Detrek 5 foldan sonra oyunu tərk etdi. Bu itki özünü göstərdi. Hücumda intizamlı oynaya bilmədik. Bu da məğlubiyyətə gətirib çıxardı. Əvvəlki oyunlarımıza baxsaq, rəqiblər daha çox xal qazanmışdılar. Bu gün rəqibə cəmi 76 xal versək də, məğlub olduq. Bu oyunu təhlil etməliyik. "Sabah"la matça hazırlaşacağıq. Mən heç vaxt hakimlik barədə danışmıram. Və düşünmürəm ki, hakimlərin qərarları məğlubiyyətimizə səbəb oldu. Qərəz görmədim. Hakimlər görüşü bacardıqları kimi idarə edirlər. Hər kəs səhv edə bilər. Digər tərəfdən, basketbol təmas oyunudur. Bu, voleybol deyil. Mən həmişə basketbolçulara oynamağa imkan verilməsinin tərəfdarı olmuşam. Görürəm ki, amerikalılar oyun zamanı bir-biri ilə danışırlar. Onlar tez-tez verilən foullara təəccüblənirlər. Müasir basketbolda oynamağa imkan verirlər. Buna baxmayaraq, düşünürəm ki, hakimlərimiz də inkişaf edirlər. Hər şeyi birdən əldə etmək olmaz”.
“Sərhədçi” İdman Mərkəzində baş tutan "Neftçi" - NTD görüşü birincilərin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.