"Komandalar heyətlərini gücləndirib. Hər bir komanda özünün çatışmayan cəhətini düzəltməyə çalışıb”.
Sportinfo.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov deyib.
O, heyətlərini lazımi qədər genişləndirə bilmədiklərini vurğulayıb:
"Qrupumuzda üçhakimyətlik davam edir. "Şəki", "Gəncə" və biz bir oyun az keçirmişik.
"Ordu"nun "Gəncə" üzərində qələbəsi də var, amma bunu sensasiya saymıram. Çünki "Gəncə" deyildiyi kimi güclü komanda deyil.
Biz o komanda ilə üç hissə bərabər səviyyədə mübarizə apardıq. Sadəcə, sonda oyunçuların yorğunluğu sözünü dedi.
Onların heyəti isə genişdir, rotasiya edə bilirlər. Bizdə bu sarıdan yenə problem ortaya çıxa bilər.
Çünki heyəti genişləndirə bilməmişik. Yalnız Fikrət Ələkbərovu transfer etmişik.
Onun komandaya gəlişi işimizi xeyli asanlaşdıracaq. O, sevdiyim, çox yaxşı və ağıllı oyunçudur. Komandadakı çatışmazlığı Fikrətlə aradan qaldırmağa çalışacağıq".
Məşqçi uzun fasilələrin bəzən oyuna təsir etdiyini də söyləyib:
"Sözün düzü, uzun fasilələr bəzən oyun ritminə təsir edir. Amma bu, labüd idi, olmalıydı.
Hansı komanda fasilədən yaxşı istifadə edə bilibsə, qalib gələcək. Çempionatın növbəti mərhələsinin daha maraqlı olacağını düşünürəm.
Sözsüz ki, biz də liderlik üçün çalışacağıq. Heyətimiz pis deyil. Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq".