“2024-cü il Azərbaycan basketbolu üçün yaddaqalan oldu”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov 2024-cü ilin yekunları ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu il ölkə basketbolunda sevindirici məqamlar çox olub:
“Ən önəmlisi, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının “Paris-2024” Olimpiya Oyunlarındakı iştirakı idi. Bu, yeni bir tarix idi.
Həmin yarışda uğurla çıxış etdiyimizi deyə bilərəm. Qızlarımız əlindən gələni etdilər.
Topla oynanılan komanda idman növləri arasında ilk dəfə basketbolçularımız ölkəmizi nüfuzlu beynəlxalq yarışda təmsil etdi.
Həmçinin qadınlardan ibarət aşağı yaş qrupları üzrə komandalarımız qələbələrlə bizi sevindirdilər. Hiss olunur ki, Azərbaycanda basketbola maraq ildən-ilə artır”.
Onun sözlərinə görə, Olimpiya Oyunlarında mübarizə aparan qadınlardan ibarət 3x3 basketbol yığmasının heyətində dəyişiklər olacaq:
“Bildiyiniz kimi, Mersedes Uolker karyerasını bitirdi. Digər oyunçular barədə isə hələlik dəqiq bir şey yoxdur.
Baş məşqçi Raşa Deliç heyətlə bağlı yekun qərarı verəcək. Amma biz də çalışırıq ki, gənc yerli qızlarımıza da şans yaradaq.
İstəyirik ki, onlar gələcək turnirlərdə iştirak etmək üçün yaxşı təcrübə qazansınlar”.
Baş katib Azərbaycan Basketbol Liqasının səviyyəsinin artığını da vurğulayıb:
“Deyə bilərəm ki, basketbol üzrə Azərbaycan çempionatının oyunları yüksək səviyyədə keçirilir. Azarkeşlərin sayında da artım var. Düşünürəm ki, bu liqa gələcəkdə daha yaxşı olacaq”.