"Neftçi"yə qarşı daha yaxşı oynayıb, qələbə qazanacağımızı gözləyirəm".
Sportinfo.az xəbər verir ki, bunu NTD-nin oyunçusu Zion Patterson Azərbaycan Basketbol Liqasının III turunda qarşılaşacaqları “Neftçi” ilə oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib:
24 yaşlı basketbolçu rəqib haqqında məlumatlı olduqlarını vurğulayıb:
“Daha yaxşı oynayıb, qələbə qazanacağımızı gözləyirəm. “Neftçi” ilə matça yaxşı hazırlaşmışıq. Mənim və bütün komandanın rəqibin oyunlarını izləmək imkanımız olub. Hər birimizin rəqibin güclü və zəif tərəfləri barədə təsəvvürü var və ümidvarıq ki, oyunda bundan istifadə edəcəyik".
O, gənc və istedadlı basketbolçulara malik olduqlarını vurğulayıb:
"Çox gənc və istedadlı komandamız var. Əvvəlki iki oyun gərgin mübarizə şəraitində keçdi. Məncə, özümüz özümüzə uduzduq. Daha az səhv buraxsaydıq, nəticə tamamilə fərqli olardı".
Basketbolçu NTD-ni seçməsi ilə bağlı sualı cavablandırıb:
"NTD-ni seçdim, çünki mənə istedadımı və bacarığımı göstərmək imkanı yaratdılar. Mən ABŞ-nın kiçik bir şəhərində anadan olmuşam. Biz tərəfdə çox az insan belə şans əldə edir. Üstəlik, NTD böyük ənənələrə malik klubdur. Qalib gəlmək ənənəsi! Mən də qalib gəlməyi sevirəm, ona görə də seçim açıq-aydın idi”.
A qrupunda yer alan NTD və "Neftçi" komandaları arasında görüş "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.