Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” bu gün “Dinamo”nu qəbul edəcək.
Zaqreb təmsilçisi ilə cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Son vaxtlar paytaxtdakı təbii örtüklü meydanların bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, “Tofiq Bəhramov”un avqustda hansı durumda olacağı sual yaradırdı.
Dünən komandaların oyunöncəsi son məşq üçün ayaq basdığı qazonun ideal olmasa da, yaxşı vəziyyətdə olması diqqətimizdən yayınmadı. Baş məşqçi Qurban Qurbanovla yetirmələrinin üzünü güldürən də elə bu məqam idi.
Əslində, məşqlərdən əvvəlki görüntü mükəmməl idi. Öncə “Qarabağ”ın, daha sonra “Dinamo”nun məşqindən, yəni təxminən 3 saatlıq yüklənmədən sonra müəyyən yerlərdə qopmalar müşahidə olundu.
Yay ayını və Bakıda qazon saxlamağın çətinliyini nəzərə alsaq, çəkilən əziyyətin boşa getmədiyini deyə bilərik.
Komandalar arasındakı ilk matçda xorvatlar 3:0 hesabı ilə qalib gəlib.
Bu axşam baş tutacaq cavab dueli saat 20:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ