COP29

Nazim Süleymanov: "Ölkə başçısı İlham Əliyevə müraciət edəcəyik"

15 Yanvar 2020 20:02 Azərbaycan Futbolu 3 439
Nazim Süleymanov: "Ölkə başçısı İlham Əliyevə müraciət edəcəyik"

2019-cu il noyabrın 11-də AFFA prezidenti Rövnəq Abdullayevə rəsmi məktub ünvanlayan AFFA Həmkarlar İttifaqının sədri Nazim Süleymanovun müraciətinə cavab verilib.

Məktubda federasiya rəhbərinə baş katib Elxan Məmmədovun veteranları üz-üzə qoymasının qarşısının alınması və onun AFFA Həmkarlar İttifaqının fəaliyyəti üçün lazım olan şəraiti yaratması xahiş olunsa da, veteran futbolçu müsbət cavab almayıb.

Bu barədə Sportinfo.az saytına danışan Süleymanov öncə cavab barədə qısa açıqlama verib: "Cavab gəldi, bizim təşkilatı yenə də tanımaq, qəbul etmək istəmirlər. Məktubda verilən cavaba görə, bizim AFFA-ya heç bir aidiyyatımız yoxdur. Qeyd olunub ki, sənədləri gətirin, baxarıq, lazım olarsa - hər şey qaydasında olarsa, İcraiyyə Komitəsinin iclasına çıxararıq. belə-belə sözlərlə bizi qəbul etmədiklərini bildiriblər. Biz lazım olan sənədləri nəyə görə AFFA-ya verməliyik ki?.. Qeydiyyatdan keçməyimiz üçün bizə aidiyyatı olan 2 qurum var - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ədliyyə Nazirliyi. Biz də sənədləri Həmkarlar İttifaqlarının Konfederasiyasına təqdim etmişik. Amma çox təəssüf ki, onlar da cavab vermək istəmirlər. Onlardan soruşduq ki, vəziyyət nə yerdədir, necə olacaq? Reaksiyalarından belə çıxdı ki, istəsələr cavab verəcəklər, istəməsələr, yox".

AFFA Həmkarlar İttifaqının sədri ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşdıqlarını bildirib: "Bizim yaxın günlərdə toplantımız olacaq, jurnalistləri də dəvət edəcəyik. Məktubu hazırlayıb müzakirə edəcəyik, sonra imzalayıb cənab prezidentə göndərəcəyik".

Veteran futbolçu yanvarın 28-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransı və İcraiyyə Komitəsinin bir neçə gün əvvəl qəbul etdiyi qərarlar barədə fikirlərini də bölüşüb: "Yəqin ki, hesabat verəcəklər. Son 2 ayda iki dəfə toplaşıb qərarlar veriblər, AFFA Nizamnaməsində dəyişikliklər ediblər. Vitse-prezident sayının artırılmasına gəlincə, məncə, AFFA rəhbərliyi kəmiyyət yox, keyfiyyətə üstünlük verməlidir. İcraiyyə Komitəsində təmsil olunan hər bir veteran Azərbaycan futbolunun problemlərini qabartmalı, onların həllinə nail olmalıdır. İcraiyyə Komitəsinin üzvləri indiyə qədər nə iş görüblər ki, bundan sonra da nəsə etsinlər...Yeni yaradılmış icraçı vitse-prezident postunda kimin əyləşəcəyini və hansı işləri görəcəyi barədə indidən nəsə demək çətindir. Bu barədə ancaq zamanla danışmaq olar. İcraiyyə Komitəsinin çıxardığı bütün qərarlar Azərbaycan futbolunun xeyrinə olmalıdır. Bizim başqa istəyimiz yoxdur. Düzgün qərarlar verilsin, Bakı çempionatından çıxıb Azərbaycan çempionatına keçək, ardından isə Avropa-dünya futboluna qoşulaq".

Digər Xəbərlər
Xəbər Lenti