
Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Yarımfinal mərhələsinin cavab görüşündə "Qarabağ" "Araz-Naxçıvan"ı, "Sabah" isə "Neftçi"ni qonaq edəcək.
Ağdam təmsilçisi ilk matçda 0:1 məğlub olubsa, "tələbələr" səfər meydanında minimal hesablı qələbəyə sevinib - 2:1.
Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov cavab görüşü öncəsi şansları dəyərləndirib:
"Sabah" - "Neftçi" matçının gərginliyi bəlkə də "Qalatasaray" - "Fənərbaxça" görüşündəki gərginliyə yaxın olacaq. Hər iki komanda çox iddialıdır.
Onlardan gözləntilər böyükdür. Çempionatda işləri yolunda getmir.
Son şansları ölkə kubokuna bağlıdır. "Sabah"ın 1 top üstünlüyü var.
Hər iki tərəfin problemləri olduğu aydın görünür. Amma mənə görə "Sabah" finala daha yaxın görünür.
Bu fikrim tək hesabla bağlı deyil. "Neftçi"yə nisbətdə "Sabah" daha etibarlı müdafiə xəttinə sahibdir.
"Neftçi"nin buraxdığı qollar daha çox müdafiə xəttinin fərdi səhvlərindən irəli gəlir. "Sabah"ın cinah oyunçuları da rəqiblə müqayisədə daha effektivdilər.
"Neftçi" bəlkə bir balaca orta sahədə üstün görünə bilər. Ümumi baxası olsaq, "Sabah" üstün görünür. İlk oyun da bunun sübutudur.
"Qarabağ" - "Araz Naxçıvan" görüşü də gərgin keçəcək. Bəlkə də digər cütlə müqayisədə "Qarabağ"a daha rahat olacağı ehtimal edilə bilər.
Çempionluğunu təmin edib. Psixoloji baxımdan komanda rahatdı. Hər iki komanda arasında son oyunlarda yaşananlara görə "Qarabağ" matça ciddi hazırlaşacaq.
"Araz"ın işi çətin görünür. Müqayisədə keyfiyyətli oyunçu azlığı diqqət çəkir. "Qarabağ" əsas heyətlə meydanda olanda onlara qarşı oynamaq həddindən artıq çətinləşir.
"Araz"ın ön xətti "Qarabağ"a lazım olan təzyiqi edə biləcəkmi? Vacib olan budur. Mənə görə, asan iş deyil.
1 top fərqi "Qarabağ" kimi komanda önündə hələ nəsə demək deyil. Ona görə də hesabda geri olmasına rəğmən "Qarabağ" görüşün favoriti hesab oluna bilər".
XANOĞLAN