
Birinci Liqanın sonuna yaxınlaşırıq. Kifayət qədər maraqlı, gərgin mövsümə şahidlik etdik.
Təəssüflə deməliyik ki, aşağı liqada çıxış edən futbolçular adətən diqqətdən kənarda qalır.
Məsələn, "Ordu"nun üzvü İbrahim Əliyev kimi.
25 yaşlı futbolçu hücumçu mövqeyində çıxış edir.
Vurduğu 10 qolla adını bombardirlər siyahısına saldıra bilib.
Məyus etdiyi komandalar arasında Premyer Liqa iştirakçısı "Sumqayıt" da var.
Məhz onun qolu "kimyaçılar"la Ölkə Kubokunun 1/8 final mərhələsinə təsadüf edən görüşün 120 dəqiqə davam etməsinə səbəb olmuşdu.
Bundan başqa iki dəfə məhsuldar ötürmə ilə yoldaşlarının fərqlənməsinə yol açıb.
Fərqləndiyi epizodlarda səviyyəsini ortaya qoyub.
Sıradan, təsadüf qollar yox, kifayət qədər baxımlı və zəhmət tələb edən qolların müəllifi olub.
Sürəti, çevik olması və texnikası ilə seçilən İbrahimin uzaqdan yaxşı zərbələri də var.
25 yaşlı hücumçu "Neftçi"nin yetirməsidir. "Sumqayıt"la Premyer Liqa həyəcanı yaşayıb.
Amma bu gün gözdən könüldən uzaq ciddi hədəfi olmayan bir klubda karyerasını boşa xərcləməkdədir. Premyer Liqa ilə müqayisədə çox az bir bir məbləğ qarşılığında...
Yersiz legionerlərə minimum 10 min manat maaş verincə, belə ümid verən öz uşaqlarımıza meydan versək daha yaxşı olmazmı? Həm də daha münasibət qiymətə.
Əmin olun ki, qış fasiləsində "Səbail"ə transfer edilən İnnosent Nşuti, mövsüm əvvəlindən "Sumqayıt" forması geyinən Silvanus Nimeli, illərdi "Neftçi"dən milyonlar qoparan Yeqor Boqomolskinin İbrahimdən tək fərqləndirən şey milliyəti və aldığı yüksək maaşıdır.
XANOĞLAN / SPORTİNFO.AZ