"Qarabağ" və "Neftçi"ni derbidən çox düşündürən DƏRİN PROBLEM

19 Aprel 19:20 Azərbaycan Futbolu 198
"Qarabağ" və "Neftçi"ni derbidən çox düşündürən DƏRİN PROBLEM

Bu gün Azərbaycan derbisi var.

Premyer Liqanın 31-ci turunda "Qarabağ" "Neftçi"ni qonaq edəcək.

Qarşılaşmaya ciddi maraq olacağı inandırıcı deyil.

Buna tərəflərin mövcud durumu, gələcək planları əsas verir.

"Qarabağ" növbəti çempionluğun taleyini həftələr öncədən həll edib, rəsmiləşməsi qalır. Bu matçda da ola bilər, növbəti turda da. Ciddi əhəmiyyət kəsb etmir.

Əminəm ki, bu gün Qurban Qurbanov və komandasını 4 gün sonra "Araz Naxçıvan"la görüş daha çox düşündürür.

Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda rəqibinə uduzan (0:1) ağdamlılar qisas eşqi ilə yaşayır. Tərəflər arasındakı son görüşlərdə yaşanan qalmaqal və məğlubiyyət intriqanı birə beş artırıb.

"Neftçi" haqqında isə geniş şərhə ehtiyac yoxdur. "Ağ qaralar" ötən tur 2:0 öndə olduğu "Zirə"yə məğlub olmaqla liqada hər şeyə nöqtə qoymuş oldu. Ən yaxşı halda "Sabah"la mübarizə aparıb 5-ci pilləyə yüksəlmək olar.

"Sabah" demişkən...

"Qarabağ" "Araz"ı düşündüyündən dəfələrlə çox "Neftçi" məhz "tələblər"lə kubok görüşünü fikirləşir.

Mövsümün xilası yolunda son şansdır. Evdəki minimal hesablı məğlubiyyətin (1:2) əvəzini çıxmaq üçün Samir Abasov bütün imkanlarını səfərbər edəcək. Belə məqamda derbinin taleyi heç "Neftçi"nin fanatlarına da maraqlı deyil.

Düzdü, derbilər tarix, məkan, mövcud gücdən asılı olmayaraq adətən gərgin, dramatik və prinsipial keçir.

Gərək reallığı da unutmayaq.

Hər iki komanda növbəti oyun üçün derbini qurban verməyə ikiəlli razılaşar.

Belədə azarkeşləri, futbol ictimaiyyətini razı salacaq bir qarşılaşma olacağına bel bağlamaq mənasızdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!