Premyer Liqada autsayderlərə "yem" olan iddialılar - “QARA SİYAHI”

Premyer Liqada autsayderlərə "yem" olan iddialılar - “QARA SİYAHI”

"Qarabağ"dan başqa digər klubların səviyyəsi bir-birinə çox yaxındır" - bu fikirləri autsayder komandalarla görüşdə xal itirən iddialı klubların üzvlərindən tez-tez eşidirik.

Belə olmamalıdır. Elə də rahat deyilir, səslənir ki...

Sanki normal haldır.

"Kəpəz", "Şamaxı", "Səbail" kimi autsayderlərlə görüşdə "Sabah", "Neftçi", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz" kimi iri büdcəli komandalar mövsüm ərzində bir ya da iki dəfə xal itirər. Hətta bura daha təcrübəli kollektiv olan "Sumqayıt"ı da əlavə etmək olar. Amma "kimyaçılar"ın ötən mövsüm avrokuboklarda iştirak etməsini, büdcəsinin nisbətən böyük olmasını və son illər uğurlu nəticələr qazanmasını nəzərə alaraq bu rəqiblə görüşdə itirilən xalların üzərindən keçirəm. Halbuki hədəfi böyük olan komandalar Sumqayıt təmsilçisinə də 3 xal gözü ilə baxmalıdır.

Məsələn, ortada "Zirə" nümunəsi var. Rəşad Sadıqovun komandası "Səbail", "Kəpəz" və "Şamaxı" ilə arxada qalan 10 görüşdə 9 qələbə qazanıb.

"Qartallar" "Sumqayıt"la keçirdiyi 4 qarşılaşmanın hamısında qalib tərəf olub.

Belə də olmalıdır. Hədəfi böyük, büdcəsi geniş komandaların heyəti, imkanı zəif olan kollektivlərlə görüşdə xal itirmək limiti mövsüm ərzində maksimum 1-2 dəfə olmalıdır. Bunu normal qarşılamaq olar.

Bəs biz nə görürük?

"Zirə" ilə müqayisədə digər geniş imkanlara sahib komandalarda bu baxımdan durum rəzalətdir.

"Sabah" "Kəpəz"lə arasındakı 4 dueldən yalnız birindən qalib ayrılıb.

"Araz Naxçıvan", "Turan Tovuz" və "Neftçi" adıçəkilən 3 rəqiblə 10 görüşdən tən yarısında qələbə üzünə həsrət qalıb.

"Tələbələr" isə qeyd etdiyimiz rəqiblərlə arxada qalan 10 görüşdə yalnız 3 qələbə qazanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!