
AFFA U-10 Liqasında çıxış edən daha bir komanda çempionatdan kənarlaşdırılıb.
Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Azart" turnirdən uzaqlaşdırılıb.
Buna komandanın "Sahil" ilə görüşdə təyin edilən vaxtda meydana çıxmaması səbəb olub. "Azart"a 0:3 hesabı ilə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından komanda liqadan kənarlaşdırılıb.
Eyni hal U-13 Liqasında da yaşanıb. Burada isə "Troya" ardıcıl üçüncü matçda iştirak etməyib. Onlar "Qarabağ"la qarşılaşmada meydanda olmayıblar.
U-11 Liqasında Ağcəbədi "Olimpiya"sı da yarışdan uzaqlaşdırılıb. Son olaraq Tərtərin "Ramal" kollektivi ilə matçı buraxan bölgə təmsilçisi ardıcıl üçüncü dəfə buna yol verib.
U-13 Liqasında "Atletiko Baku" "Modern"lə oyunda, U-13 Qızlar Liqasında isə "Gəncə"nin "Ümid" komandası "Kəpəz"lə görüşdə yetərsay olmadığından 0:3 hesablı texniki məğlubiyyət alıb.
Qeyd edək ki, daha əvvəl U-10 Liqasında iki klub turnirdən kənarlaşdırılıb.