Qurban Qurbanovu nişangaha gətirmək... Bu, kim(lər)ə lazımdır?

15 Aprel 16:40 Azərbaycan Futbolu 462
Qurban Qurbanovu nişangaha gətirmək... Bu, kim(lər)ə lazımdır?

Azərbaycan futbolunun gələcəyi ilə bağlı danışmalı, yol göstərməli olan ilk adam Qurban Qurbanovdur. Bəzi məqamlarda tək adam da deyə bilərik.

O, bunu ortaya qoyduğu işlə haqq edir.

1 il yox, 1 dəfə yox, illər və dəfələrlə qazandığı böyük uğurlar bu hüququ ona tanıyır.

Bütün futbol ictimaiyyəti ona güvənir, inanır.

Bəlkə də pafoslu səslənəcək - Azərbaycan futbolunun xilaskarı gözü ilə baxılır ona.

Həqiqət payı da nə qədər desən.

Əvəzində nə görürük?

Təcrübəli mütəxəssis susur, yerinə digər kəslər danışır.

AFFA rəhbəri danışır, baş katibi danışır, vitse-prezidentləri danışır və.s.

Hamı danışır...

Payı olmayanlar, haqqı olmayanlar, bir işə yaramayanlar...

Böyük işlər görmüş kimi danışırlar.

Bircə Qurbanovdan başqa.

O, üzvü olduğu İcraiyyə Komitəsinin son iclaslarına da qatılmır.

53 yaşlı mütəxəssis maksimum suallardan yayınır.

Əksəriyyət "o niyə danışmır" sualını isə çox müzakirə edir.

Bundan artıq danışmaq? Siz danışmaq nəyə deyirsiniz?

Gərək mütləq federasiya rəhbərliyini sərt tənqid etsin?

Ona meydan vermədikləri üçün üsyan qaldırsın?

Yoxx...

Buna ehtiyac da yoxdur. "Susmaq qızıldır" ifadəsi Qurbanov adına bu gün lap yerinə düşür.

Kütlə qəhrəman axtarışındadır.

Hər düzü dilə gətirmək isə qəhrəmanlıq deyil. Heç də hər vaxt effektiv olmur. Zərərin xeyirdən çox olduğunu az görməmişik.

Qurbanov da ağıllı adamdır, nəyi nə vaxt demək, nə vaxt susmaq lazım olduğunu yaxşı bilir.

Bu gün üçün təkcə suallar qarşısında yox, həm də iclaslara getməməklə sükut etmək yolunu seçdiyini göstərir.

Heç sabiq AFFA rəhbərliyinin dövründə belə etməmişdi.

Onun bu formada susmağında dilinə gətirməsini istədiyimiz bütün cavablar gizlənir.

Bunu görmək, hiss etmək elə də çətin deyil.

İndi təcrübəli futbol adamının danışması yox, onsuz idarə olunan ölkə futbolunun taleyi hamını daha çox düşündürməlidir.

Çünki indiki yanaşma ilə hansısa parlaq gələcəyə bel bağlamaq, ümid etmək çox qorxulu görünür.

Hər dəfə Qurbanovu nişangaha gətirmək yox, onu kənarda buraxıb, onsuz inkişaf yoluna çıxmaq həvəsində olanları sorğu-suala çəkmək daha ədalətli, məntiqli olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...