“Neftçi”nin ümid işığı və ya “Qarabağ”a tanış ssenari

“Neftçi”nin ümid işığı və ya “Qarabağ”a tanış ssenari

Başa çatmaqda olan həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinin startı ilə əlamətdar olub.

İlk oyunlar çərçivəsində iki matç baş tutub.

Sportinfo.az xəbər verir ki, idman.biz tarixə nəzər salıb, qeydə alınan nəticələrin nə vəd etdiyini araşdırıb.

32 ildə 58 cüt
33-cü dəfə təşkil olunan Azərbaycan kubokunda yarımfinal cütləri 30-cu dəfə iki oyundan ibarət duelə çıxır. 1992-ci ildə mərhələ bir matçdan ibarət olubsa, 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb. Öncə klubların qiyamı, sonra isə koronovirus yarımfinalların keçirilməsinə əngəl olub. Əvvəlki 32 ilin digər 29 mövsümdə isə 58 cüt üz-üzə gəlib.

Tarixin 8-cisi
“Neftçi” ilə “Sabah” arasında Bakı derbisi daha məhsuldar olub. Sonuncular 2:1 hesablı səfər qələbəsi qazanıb. Qeyd etdiyimiz 58 cütə baxsaq, 7 dəfə belə hadisə yaşanıb. 1997/98 mövsümündə hər iki dueldə qonaqlar yarımfinalın ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.

“Sabah” şanslı
Əgər yarımfinalın ilk oyununda bu nəticə qeydə alınırsa, səfərdə qalib gələn komanda böyük üstünlük qazanır. Əvvəlki 7 belə dueldən beşində üstünlüyü qorumaq mümkün olub. Mərhələni ilk matçı səfərdə keçirən adlayıb. Bu isə “Sabah”ın final şansının 71 faiz olduğunu göstərir.

“Neftçi”nin ümid işığı
Yarımfinala 1:2 hesablı məğlubiyyətlə başlayanlardan yalnız ikisi sonda finala adlayıb. Bu, 29 faiz deməkdir. Amma “Neftçi”yə ümid verən odur ki, son iki belə nəticədən sonra səfərdə revanş mümkün olub. Amma ilk belə uğursuz “Neftçi”nin özü olub. Qəbələdə eyniadlı komandanı 2:1 məğlub edən “ağ-qaralar” Bakıda uduzaraq finala həsrət qalıb. Hətta paytaxt təmsilçisi evdə də hesabı açan tərəf olub. Üç il əvvəl isə “Zirə” eyni aqibəti yaşayıb. İndiki “Şamaxı” artıq qüvvədə olmayan səfər qolu hesabına finala yüksəlib.

Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi cütlərin cavab matçları:
1993. “Qarabağ” – “Turan” – 1:0
1997/98. “Kəpəz” – “Neftçi” – 2:1
“Qarabağ” – “Kür-Nur” – 1:0
2003/04. “Şəmkir” – “Qarabağ Azərsun” – 2:0
2008/09. “Qarabağ” – “Bakı” – 2:1
2017/18. “Neftçi” – “Qəbələ” – 1:3
2020/21. “Zirə” – “Şamaxı” – 2:3

Yenə tək qol
Digər yarımfinalda “Araz-Naxçıvan” öz meydanında “Qarabağ”a tək qolla qalib gəlib. İlk matçda ev sahiblərinin belə qələbəsi ən populyar nəticələrdən sayılır. Əvvəlki illərdə 13 dəfə belə hesab qeydə alınıb. 1999/2000 mövsümündə isə hər iki cütdə belə başlanğıc yaşanıb.

Kimdir şanslı?
Tarix göstərir ki, “Araz-Naxçıvan”la “Qarabağ” cavab oyunu ərəfəsində təxminən bərabər şanslara malikdir. Əvvəlki 13 cütdən 6-da qalib komanda üstünlüyü qoruyubsa, 7 dəfə revanş qeydə alınıb. Bu, Ağdam klubuna cüzi üstünlük verir. “Qarabağ” 54, “Araz-Naxçıvan” 46 faiz finalda sayıla bilər.

“Qarabağ”a tanış ssenari
“Qarabağ” artıq 3-cü dəfədir ki, yarımfinala 0:1 hesablı səfər məğlubiyyəti ilə başlayır. Ağdamlılar iki belə vəziyyətin birindən çıxa bilib. 1995/96 mövsümündə “Xəzri”yə yenilginin revanşı artıqlaması ilıə alınıb – 3:0. Altı il əvvəl isə Qəbələdəki məğlubiyyətin əvəzini çıxmağa səfər qolu qaydası mane olub. Həmin 2:1 hesablı qələbə yetərli alınmayıb. “Qarabağ” əks mövqedə - ilk oyunu evdə 1:0 udan tərəf də olmağı bacarıb. Üç belə duelin yalnız birində rəqib revanşa sevinib.

Meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi cütlərin cavab matçları:
1993. “İnşaatçı” Sb – “İnşaatçı” B – 4:1
1995/96. “Qarabağ” – “Xəzri” – 3:0
1996/97. “Kəpəz” – “Qarabağ” – 3:0
1999/00. “Neftçi” – “Kəpəz” – 0:0
“Viləş” – “Qarabağ” – 1:1
2003/04. “Neftçi” – “Bakılı” – 1:0, p.5:3
2005/06. “Karvan” – “Xəzər Lənkəran” – 3:0
2010/11. “Bakı” – “Xəzər Lənkəran” – 2:1
2012/13. “Xəzər Lənkəran” – “Bakı” – 2:0
2014/15. “Simurq” – “Qarabağ” – 0:0
2017/18. “Sumqayıt” – “Keşlə” – 1:1
2018/19. “Qarabağ” – “Qəbələ” – 2:1
2022/23. “Neftçi” – “Turan Tovuz” – 2:0

Tarix yenə təkrarlanıb
Əvvəlki mövsümlərə baxsaq, bir cütdə qonaqların 2:1, digərində meydan sahiblərinin 1:0 sevinməsi ilk dəfə yaşanmır. Tarixdə 4-cü dəfə qeydə alınan bu nəticələr yenidən təkrarlanıb. Yarımfinalın iki matçdan ibarət olduğu ilk mövsümdə - 1993-də də buna şahid olmuşuq. Həm 32 il əvvəl, həm də 2003/04 mövsümündə yarımfinala səfərdə başlayanlar mərhələ adlayıb. Yəni ki, səfərdə 2:1 hesabı ilə qalib gələn komanda üstünlüyü qoruyub, 0:1 hesabı ilə üzülən isə revanş almağa nail olub. 2017/18 mövsümündə isə hər iki cütdə tam əksi olub. Duelə evdə başlayanlar mərhələni keçiblər. Hər üç halda finala eyni vaxtda meydan sahibi olanlar çıxıb. Bu tendensiya pozulmasa, ya “Neftçi” – “Araz-Naxçıvan”, ya da “Sabah” – “Qarabağ” finalı izləniləcək.

Qeyd edək ki, cavab oyunları aprelin 23-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti