Belə təfəkkürdə olan adamın AFFA-nın binasında nə işi var?

14 Aprel 22:20 Azərbaycan Futbolu 1 455
Belə təfəkkürdə olan adamın AFFA-nın binasında nə işi var?

Vasili Berezutskinin "Neftçi" ilə görüşdən sonrakı mətbuat konfransını erkən tərk etməsi oradan olan-olmayan bütün jurnalistlərin əhvalını təlx etmiş oldu. Haqsız deyildik.

"Bərbad hakim idarəçiliyinin gətirdiyi əsəbilik buna yol açıb" deyərək üzərindən keçməyə çalışdıq.

AFFA-nın İntizam Komitəsinin sədri Erkin Hüseynovun məsələ ilə bağlı açıqlaması yanan odun üstünə benzin tökmək effekti verdi.

Həmkarımızın rusiyalı mütəxəssisin atdığı addımla bağlı İntizam Komitəsinin mövqeyini öyrənməklə bağlı sorğusuna verdiyi bu cavabla:

“Mənim işim həddən artıq çoxdur. Təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram.

Hər sualı cavablamağa vaxtım yoxdur. İntizam Komitəsində verilən qərarların hər biri doğrudur.

Həmin qərarlar da İntizam Məcəlləsində yer alıb. Hər şeyə görə cərimə verilmir.

Baş məşqçi məcburdu ki, bir saat otursun, jurnalistlərin boş-boş suallarına cavab versin? Mən artıq yoruluram.

İntizam Məcəlləsini əldə edin, baxın və konkret nə lazımdısa, məktubla müraciət edin”.

Qəribə işə düşmüşük də. Heç kim öz işini görmək istəmir.

Ay ağsaqqal, hələ bilmirsən ki, jurnalistə cavab vermək sənin borcundur. Federasiyadan maaşı həm də buna görə alırsan. Vaxtın yoxdursa, ərizəni yaz və get.

İndi bildinizmi futbolumuz niyə bu gündədir?

Adam ölkə futbolunda önəmli postlardan birini tutur. Amma gündəmin ən önəmli hadisəsinə reaksiya vermək üçün "vaxtım yoxdur" deyir.

Hüseynov AFFA ilə bərabər, həm də SOCAR-da çalışır.

Görünür, əsas iş yeri də neft şirkətindədir.

Bir çox həmyerlimiz kimi, o da ikinci işdə əlavə qazanc üçün çalışır.

Nə Azərbaycan futbolu, nə də onun mətbəxində başverənlər vecinə deyil.

Təki hər ayın sonu maaş kartına pulu köçsün.

Əksi olsaydı, özünə hörmət edən adam "iki işdə çalışmaq üçün zamanım yoxdur" - deyərək birini seçərdi.

Bura qədərini bildik.

Bəs ağzını havaya açıb, ağzına gələn sözü ətrafına səpməsinə nə ad qoyasan?

Yaşından başından utanmayan birinin təhqirinə elə təhqirlə cavab versən nə dəyişəcək axı?

Qocalığın ilkin əlamətləridir. Öncə baş gedir, boş-boş danışırsan, ardınca da digər proseslər səni izləyir.

Hüseynovda bu başlayıb artıq. Bəs yeni AFFA rəhbərliyi nəyi gözləyir? Prosesin bitməsini?

Məncə, birbaşa AFFA rəhbəri Rövşən Nəcəf özü məsələni nəzarətə götürməlidir.

Sabiq AFFA rəhbərliyinin bir çox qalıqları kimi Erkin Hüseynova da qapını göstərmək vaxtı yetişib.

Belə təfəkkürdə olan adam AFFA-nın binasında yox, nəvələrinin əhatəsində olmalıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...