
Premyer Liqada işləri yolunda getməyən iki komanda - "Neftçi" və "Sabah" ümidlərini ölkə kubokuna bağlayıb.
Axı avrokuboklara getməyin ən münasib yolu buradan keçir.
Təsadüfdən tərəflər finalın biraddımlığında bir-birinə rəqib oldu.
Həftələrdi futbol ictimaiyyəti bu matçı gözləyirdi.
Nəhayət, cütün ilk görüşü arxada qaldı.
Gərgin keçən qarşılaşmada qonaqlar sevinən tərəf oldu - 1:2.
90 dəqiqə onu gördük ki, "Sabah" komanda olaraq bu duelə daha yaxşı hazırlaşıb.
Vasili Berezutski əlinin altında olan fərdi ustalığı yüksək futbolçulardan maksimum yararlana bildi.
Oyuna üstün başladılar, üstünlük yaxaladılar.
Hesabda tarazlıq yaranması da onların inamını azaltmadı.
İkinci yarı yenidən önə keçməyi bacardılar. Umarali Raxmonaliyev kimi oyunun ən yaxşılarından olan
Xəyal Əliyevin ikinci qolda payını xüsusi qabartmaq olar. Ümumiyyətlə, gənc futbolçu hər arxada qalan oyun parlamaqdadır. İnanaq ki, ulduz xəstəliyi önünə sipər olmayacaq.
İkinci yarı Samir Abasov müxtəlif gedişlər etdi, əvəzetmələrə əl atdı, amma nəyisə dəyişə bilmədi. Ərazi üstünlüyünə sahib "tələbələr" qələbə hesabını sona kimi qoruya bildi.
Gedişat "ağ qaralar" üçün yaxşı sonluqdan xəbər vermir. Müdafiə xaos, hücumda kreativlik yox, orta xətdə top qalmır. Yuri Matias, Ramil Şeydayev, Dembo Darbo kimi yararsız transferlərlə başqa nəyəsə bel bağlamaq olmaz. Abasovun isə əlində sehirli çubuq yoxdur. Ki, milyonlar bahasına Bakıya gətirilən Darbo, Şeydayev kimilərə toxundursun.
Bir də oyunun hakimləri...
Deyiləcək o qədər söz var ki...
Amma haradan başlayıb, haradan bitirəsən?
Yuri Matiasın Con Leys Mikelsə qarşı qayda pozuntusunu görmək üçün hakim olmaq yox, azacıq vicdanlı davranmaq lazım idi.
Bunu nə baş hakim Əliyar Ağayevdə, nə də onun VAR -da oturan dostlarında görmədik.
Əks halda, Bəlkə də "Sabah"ı indidən final münasibəti ilə təbrik etmək olardı.
XANOĞLAN İMANOV