Təmkində qıcıq yaradan məqam, çətin sual və ya, o, nəyi sübut etmək istəyirdi?

Təmkində qıcıq yaradan məqam, çətin sual və ya, o, nəyi sübut etmək istəyirdi?

Premyer Liqada “Zirə”, “Qəbələ”, “Sabah” kimi klublarda çıxış etmiş, futbol üzrə Azərbaycan millisinin şərəfini qorumuş Təmkin Xəlilzadə növbəti dəfə ölkə çempionu adını qazandı.

Lakin futbolda yox, xeyli vaxtdır tər tökdüyü minifutbolda.

“Birbaşa”nın heyətində “Zirə” üzərindəki 2:0 hesablı qələbəyə baxımlı qolla töhfə verən təcrübəli futbolçu kifayət qədər sevincli görünürdü.

Təmkin Sportinfo.az-ın verdiyi müsahibədə həm oyun, həm də digər mövzularla bağlı sualları cavablandırıb.

-“Zirə” ilə final qarşılaşması sizin üçün hansı əhəmiyyət daşıyırdı?

- Çempion olmaq çətin, çempionluğu qorumaq ondan da çətindir. Başlıca hədəfimiz titulu qoruyub-saxlamaq idi. Mövsüm başlayanda kollektivdə öz aramızda danışırdıq ki, bu il bizim üçün daha da çətin olacaq. Çünki ildən-ilə gözləntilən çoxalır, rəqabət artır. Sevincliyik, xoşbəxtik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı və heyətində legionerlər olan komandanı məğlub etməyi bacardıq. Onlar da bizə mane ola bilmədi.

- Rəqibi nədə üstələdiniz? Təcrübədə, yoxsa motivasiyada?

- Həqiqətən çox istəkli idik. Bu finala əvvəlki finallardan daha fərqli, daha istəkli hazırlaşmışdıq. Oturuşmuş heyətimiz var, Çempionlar Liqasında qalib olmağımız da bizə əlavə stimul vermişdi. Fikrimcə, bu amillərin rolu oldu. Bəlkə də baş məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirmədik. Ancaq “Zirə”ni çox yaxşı təhlil etmişdik. Bu oyunu da təhlil edəcəyik. Ancaq indi qələbənin dadını çıxarmaq vaxtıdır.

- “Zirə”nin həlledici mərhələdə Qazaxıstan millisinin üç üzvü ilə güclənməsi sanki sizdə qıcıq yaratmışdı.

- Bəli, bu fakt bizə əlav stimul verirdi. Çempionlar Liqasının qalibi olmuş komandayıq deyə, rəqibin heyətində kimlərin oynaması o qədər də fərq etmirdi. Ancaq sübut etmək istəyirdik ki, Azərbaycanda minifutbol oynamağı bacaran kifayət qədər yerli futbolçular var.

- Futbolda faydalı idin, yoxsa minifutbolda?

- Çətin sualdır. İki oyun arasında müəyyən fərqlər var. Minifutbol mənim üçün daha rahatdır. Çünki futbol oynadığım dövrlərdə də minifutbola həvəsim var idi deyə, həftədə 1-2 dəfə oynayırdım. Nə dərəcədə faydalı olduğumu kənardan baxanlar, xüsusən də siz jurnalistlər yaxşı bilərsiz. Hansı komandada, hansı millidə çıxış etmişəmsə, canımı qoymuşam, əlimdən gələni etmişəm.

- Futbol üçün darıxırsan?

- Hərdən.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti