
Bu gün Bakı Tennis Akademiyasında necə deyərlər, “qan su yerinə axacaq”.
Minifutbol üzrə ölkə çempionatının yarımfinal görüşlərinin nəticələrinə əsasən finala adlayan “Zirə” ilə “Birbaşa Bakı” münasibətlərinə aydınlıq gətirəcək.
Son illər “qızıl”a əsas namizəd komandaların mübarizəsindən ətraflı danışmaq artıqdır. Minifutbolla yaxından maraqlananlar işin kökündən xəbərdır.
Hər ikisi liqanın pullu klubları hesab olunur, hər ikisinin heyətində “qaymaqlar” cəmlənib.
Bu dəfəki oyuna rəng qatan məqam “Zirə”nin atdığı addımdır. Belə ki, həlledici oyundan əvvəl “qartallar” heyətini Qazaxıstan millisinin üç üzvü ilə gücləndirib ki, məhz bu fakt qarşı tərəfdə ciddi narazılığa səbəb olub.
Son günlər mətbuatda “Birbaşa”nın baş məşqçisi Marius Mitunun “Zirə”nin legionerlərlə güclənməsi barədə dedikləri, zirəlilərin çalışdırıcısı Elşad Quliyevin əcnəbi həmkarına verdiyi cavab ümumi vəziyyəti bir az da gərginləşdirib.
Odur ki, son 3 ilin qalibi “Birbaşa Bakı” ilə legionerlə güclənmiş “Zirə”nin qarşıdurması kifayət qədər maraq və gərginlik vəd edir.
Oyun saat 21:00-da start götürəcək və “İdman” TV vasitəsi ilə canlı yayımlanacaq.
HƏBİB / SPORTİNFO.AZ