
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Birinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.
Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ” “Səbail”i qəbul edəcək.
"Sabah" isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"ın qonağı olacaq.
Dünən axşam saatlarından ölkə ərazisində qarlı hava şəraiti hökm sürür.
Belədə hər kəsi düşündürən yeganə sual odur ki, görəsən, adıçəkilən stadionlarda hazırda vəziyyət necədir? Narahatlığa əsas varmı?
Sportinfo.az-a açıqlama verən hər iki klubun mətbuat katibi son durum barədə bilgi verib:
Anar Hacıyev ("Qarabağ"ın mətbuat katibi):
"Səhər saatlarından stadionun qardan təmizlənməsinə başlanıb. Oyun saatında hər şey istənilən səviyyədə olacaq. Hazırda işlər yekunlaşmaq üzrədir. Hər hansı problem görünmür".
Zaur Xudiyev ("Sumqayıt" klubunun mətbuat katibi):
"İş plan üzrə gedir. Stadionun ot örtüyünün qardan təmizlənməsi üçün əlavə işçi qüvvəsi də cəlb olunub. Oyun saatına təxminən 6 saatdan artıq vaxt var. Bu da kifayət qədər böyük zaman kəsiyidir. İnşallah, oyun saatına kimi meydan hazır vəziyyətə gətiriləcək".
XANOĞLAN