
"Stadionda çox yaxşı atmosfer vardı. Azərbaycan çempionatı belə oyunlara acdı".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 23-cü turunda baş tutmuş "Neftçi" - "Qarabağ" matçını dəyərləndirən futbol mütəxəssisi Elhad Nəziri deyib.
O, "Qarabağ"ın qələbəsi ilə bitən tarixi derbidə ədalətli nəticənin bərabərlik olduğunu sözlərinə əlavə edib:
"Neftçi" birinci hissə üçüncü zonada yaxşı pressinq etdiyi üçün "Qarabağ" müdafiədən oyun qurmaqda böyük çətinlik yaşadı. Əbəs deyil ki, yalnız Benzianın vurduğu təhlükəli cərimə zərbəsindən başqa epizoda daxil ola bilmədilər.
Medinanın qırmızı vərəqə alması sanki "Neftçi"də arxayınlıq yaratdı. "Qarabağ" say azlığına görə birinci zonada topu qəbul edib, əks-hücumlara ümid edirdi. Amma ikinci hissə "Neftçi"li furbolçular meydanda baş məşqçinin tapşırıqlarından xəbərsiz kimi davranırdılar. Fasiləyə kimi gördüyümüz təzyiqi edə bilmədilər.
Ya fiziki durum imkan vermədi, ya da taktiki tapşırıqları düzgün icra edə bilmədilər. Belədə "Qarabağ" 10 nəfərlə daha çox top saxlamağa başladı.
"Qarabağ"ın məşqçilər korpusu azlıqda qalandan sonra düzgün analiz edib, yaxşı taktika seçə bildi. "Neftçi"nin ehtiyatdan oyuna qoşulan futbolçuları hər hansı köməyi göstərə bilmədi. Məncə, hesab baxımından bərabərlik daha ədalətli olardı. Çünki birinci yarıda meydan sahibləri daha yaxşı oynadı. Ümumi götürəsi olsaq, Avropada görməyə alışdığımız belə atmosferdə oyunu Azərbaycan çempionatında görmək sevindiricidir".
XANOĞLAN