
"Troya" futbol məktəbinin təsisçisi Zeynal Hüseynov Sportinfo.az-a müsahibə verib.
O, ilk olaraq futbol məktəbinin yaradılması barədə məlumat verib
- 2021-ci ildə komandanı təsis etmişik. U-8, U-9, U-10, U-13 yaş qruplarında AFFA-nın keçirdiyi yarışlarda iştirak edirik.
- Ad seçiminiz maraqlıdır. Niyə "Troya"?
- Tarixi filimləri izləyirəm. Xüsusilə döyüşkən xarakteri bəyənirəm. Ona görə də seçimi bu ad üzərindən etməyi qərara aldıq.
- Komandada futbolçu sayı nə qədərdir?
- Qeyd etdiyim yaş qruplarında təxminən 40-a yaxın futbolçumuz var. Bundan başqa təməl yaş qruplarımız da fəaliyyət göstərir.
- Futbol ciddi maliyyə tələb edən sahədir. Xərcləri necə qarşılayırsınız?
- Şəxsi büdcəmiz hesabına komandaları saxlayırıq. Təməl yaş qruplarımız ödənişlidir. Oradan əldə olunan gəlir də müəyyən qədər köməyimizə çatır. Düzdü, bəzi sponsorlarla danışıqlar aparılır. Amma hazırda müsbət nəticə əldə edə bilməmişik. Sponsorsuz ayaqüstə dayanmaq çətindir.
- Belədə seçilən uşaqları komandada saxlamaq çətinlik yaratmır?
- Əlbəttə, yaradır. "Qarabağ", "Neftçi" və "Zirə"yə gedən uşaqlarımız oldu. Adıçəkilən klublarda şərait yaxşıdır. Bəzən bir idman dəstinə görə uşaqlar həmin klublara getməyi seçir. Oynamaq, daha çox şans qazanmaq yada düşmür. Sponsor olsa, bəzi məsələləri istədiyimiz formada tənzimləyə bilərik.
- Mütəxəssislər uşaq futbolunda nəticənin önəm daşımadığını deyir. Bəs sizdə yanaşma necədir?
- Əsas məqsədimiz turnirlərdə iştirak etmək, uşaqların oyun praktikası qazanmasıdır. Bu yaş qruplarında turnir cədvəli yoxdur. Böyük hesablı məğlubiyyətlər olur. Bunu öncədən bilirdik. "Sabah", "Qarabağ", "Neftçi" kimi güclü akademiyalara qarşı oynayırıq. Bu uşaqların içindən 1 nəfər böyük futbola verə bilsək, bu bizim uğur sayılacaq.
- "Qarabağ" və "Neftçi"yə yollanan uşaqların qarşılığında hər hansı dəstək görmüsünüz?
- Mən uşaqları buraxanda pul qarşılığında buna etmirəm. İlk öncə mənə müraciət olunmuşdu. Amma özümüzə lazım olduğunu demişdim. Sonradan valideynlır işə qarışdığı üçün razılıq verdim. Önəmli olan uşaqların gələcəyidir. İstəsəm mane ola bilərdim. Mən belə şeylərə getmərəm. Heç nəyə ehtiyac yoxdur. Hələki öz gücümüz hesabında ayaqda qala bilirik. Onların başqa yerdə yaxşı çıxış etmələri də məni sevindirəcək. Ortada mənim də adım var.
- Uşaq futbolunda ümumi vəziyyət necədir?
- Bu gün ölkə futbolunda hər kəs uşaq futbolundan danışır. Ancaq nələr lazım olduğu heç kimə maraqlı deyil. İstedadlı uşaqlarımız var. Sadəcə 12-13 yaş dövründə onları itiririk. İnkişafları dayanır. Məncə, düzgün yönləndirməyə ehtiyac var.
- Məsələn, bunun hansısa formasını təklif edə bilərsiniz?
- Məncə, 12-13 yaşında seçilən İstedadlı uşaqları ölkə xaricindəki akademiyalara aparmaq lazımdır. Orada daha yaxşı inkişaf edə bilərlər. Burada nədəsə axsayırıq deyə uşaqları itiririk. Hər şeyi AFFA-dan umuruq. Klublar da bunda maraqlı olmalıdır. Almaniya, Niderland kimi ölkələrdə futbol akademiyasına gedən istedadların 5-6 il sonra bəhrəsini görə bilərik. Bir legioner az olsun. Onun pulunu akademiya uşaqlarına yatırsınlar. 5-6 İstedadlı uşaqdan ən azı birinin üzə çıxması mütləq baş verəcək. Hər klub ən yaxşı uşaqlarını əcnəbi akademiyalarda inkişafına dəstək olmalıdır. Hər klub 2-3 uşağa bu şəraiti yaratsa, elə belə say deyil. Akademiyalara nəzarət güclü olmalıdır. Ora bizim gələcəyimiz. Gələcək üçün nəyisə qurban vermək lazımdır. Dövlət dotasiyasından akademiyalara pul ayrılır. Klub da əlavə dəstək olmalıdır. Hər yaş qrupu ildə 1 dəfə yox, bir neçə dəfə xarici turnirlərə getməlidir. Uşaqlarımızı ancaq belə böyüdə bilərik.
XANOĞLAN İMANOV