![Baş məşqçinin yeni kəşfi - O, Elvin Cəfərquliyev ola biləcək?](https://www.sportinfo.az/media/2025/02/12/picture_1739374055519.png)
Bu gün yerli futbolçular arasında ən üzdə olanı birmənalı olaraq Elvin Cəfərquliyevdir.
Sol cinah müdafiəçisi həm "Qarabağ"da, həm də milli komandada mövqeyinin şübhəsiz bir nömrəsidir.
Elvinin inkişafında Qurban Qurbanov qədər Ayxan Abbasovun da rolu var.
Müdafiəçi məhz Abbasovun rəhbərliyi altında "Sumqayıt"da keçirdiyi parlaq mövsümün ardınca "köhlən atlar"ın əsas heyət üzvünə çevrilə bilmişdi.
Deyəsən, gəncləri üzə çıxarmaq baxımından bir çox həmkarına nümunə olan Ayxan Abbasov ölkə futboluna daha bir Elvin Cəfərquliyev bəxş etməkdədir.
Söhbət onun rəhbərliyi altında "Şamaxı"da çıxış edən Rüfət Abbasovdan gedir.
Gənc futbolçunun mövqeyi ilə bərabər sürət, çeviklik, fiziki gücü kimi özəllikləri də "Qarabağ"lıya çox bənzərdi.
Ötən sezonu "Neftçi"nin əvəzedici komandasında keçirən Abbasov yayda "Şamaxı"ya üz tutdu.
İlk gündən çalışdırıcının güvənini qazanan sol cinah müdafiəçisi inamlı oyunu ilə diqqət çəkir.
Arxada qalan 22 oyunun hamısını meydanda olan 20 yaşlı oyunçu aktivinə 1 qol, 3 məhsuldar ötürmə də yazdıra bilib.
O, artıq bir neçə klubun maraq dairəsindədir. Ölkə xaricindən də təklif alıb.
"Neftçi"nin yetirməsi belə davam etsə, yəqin ki, yaxın gələcəkdə daha iddialı klubların formasını geyinəcək.
XANOĞLAN / SPORTİNFO.AZ