.jpg)
"Şamaxı" və "Sumqayıt" qələbə həsrətinə Şamaxıda son vermək üçün meydana ayaq basmışdı.
Qonaqlar həm də 6 oyundu davam edən qol həsrətinə son verməyi hədəfləmişdi.
İlk hissə "kimyaçılar"ın xoş sonluğa çatacağından xəbər verirdi.
Qonaqlar oyuna nəzarət edən tərəf idi. Ələ düşən real qol fürsətləri də öz yerində.
Amma fasiləyə kimi Vaqif Cavadovun yetirmələri üstünlüyünü tabloya həkk etdirə bilmədi.
"Şirləri" isə tanımaq mümkün deyildi. Çox sayda ötürmə xətaları Ayxan Abbasovu özündən çıxarırdı. Komandası ilk hissəni qol buraxmadan keçirdiyi üçün şansına minnətdar olmalıdır.
Təcrübəli mütəxəssis paltardəyişmə otağında nə dedi, nə tapşırdısa ikinci yarı meydanda tam fərqli "Şamaxı" vardı.
Belədə qol da özünü çox gözlətmədi. Brahim Konate 54-ci dəqiqədə komandasını hesabda önə çıxardı.
"Sumqayıt"ın oyun ritminin pozulmasında Elvin Bədəlov və Alan Diasın zədə səbəbindən meydanı erkən tərk etməsi də az rol oynamadı.
Boşluğu düzəltmək isə çox zaman aldı. Yalnız son 10 dəqiqədə "Şamaxı" qapısında təzyiq yaratmaq mümkün oldu. Hətta bir epizodda Giorgi Karaişvilinin zərbəsi tirdən qayıtdı.
Az sonra hakim final fiti bölgə klubunun yeni ildə ilk qələbəsini rəsmiləşdirmiş oldu. "Sumqayıt" isə qələbə və qol sevinci yaşamaq üçün ən azı 1 həftə gözləməli olacaq.
XANOĞLAN İMANOV