COP29

AFFA və Qurban Qurbanovun narahatlığına əsas varmı?

AFFA və Qurban Qurbanovun narahatlığına əsas varmı?

Yeni mövsüm Premyer Liqada klub sayı 12 olacaq.

AFFA İcraiyyə Komitəsinin son iclasında qərar təsdiqləndi.

Hər birimiz klub sayının artırılmasına sevindik.

İllərdi gözlədiyimiz hadisədir.

İndi də bir başqa problem futbol ictimaiyyətini narahat edir. Söhbət mövsümün sonu reqlamentin pozulma ehtimalından gedir.

Təklif var ki, Premyer Liqanı sonuncu bitirəcək klub Birinci Liqanın üçüncüsü ilə pley-off oynasın.

Əsas arqument də odur ki, aşağıdan elita üçün yararlı 3 kollektiv formalaşdırmaq çətin olar.

Təcrübəli mütəxəssis Qurban Qurbanovun da eyni fikirdə olması əksəriyyəti məyus etdi.

Axı əvvəlki illərin təcrübəsi göstərir ki, qısa müddətdə Premyer Liqa səviyyəsində komanda formalaşdırmaq mümkündür.

İki mövsüm əvvəl eyni anda "Kəpəz" və "Turan Tovuz" yüksək liqaya buraxıldı. Hər iki bölgə klubu qısa müddətdə elita üçün bərkiyə bildi. "Turan" hətta bu gün avrokuboklar üçün mübarizə aparır. Heç "Kəpəz" də qapazaltı deyil. "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialı klubları az büdrətməyib.

Bir də "Şamaxı" nümunəsi var. Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "şirlər" Ayxan Abbasov rəhbərliyi altında 1 aya komanda qura bildi. Arxada qalan 21 turda da kifayət qədər layiqli mübarizəsi ilə yadda qalıb. Heç "Qarabağ" da onları asanlıqla məğlub edə bilmir. "Sabah", "Zirə" üzərində əldə olunan qələbələr də sıradan hadisələr deyil.

Deməli, istəyəndə əldə etmək mümkündür.

Yetər ki, federasiya bunda maraqlı olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti