“Yeni baş katibin futbol adamı olmaması elə də əhəmiyyətli deyil“.
Bu fikirlər “Sportinfo TV“nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
AFFA İcraiyyə Komitəsinin bugünlərdə keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyin olunması ilə bağlı qərar qəbul edilib.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
O, 2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.
2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Tanınmış telejurnalist bu haqda fikirlərini bölüşüb:
“Cüdo Federasiyasında baş katib var, Rəşad Rəsullu. Federasiyaya gələnə qədər nə cüdo kimonosu geyinmişdi, nə də güləşmişdi.
Amma sağlam təfəkkürə, idarəetmə qabiliyyətinə malik olduğundan, hazırda Cüdo Federasyası ölkədə ən yaxçı federasiya hesab olunur.
Ümid edək ki, Cahangir Fərəcullayev də uğurlu idarəçi olacaq, bütün günü çayxanada nərd-domino oynayan futbol veteranlarından deyil, futbolun inkişafına töhfə verə biləcək sağlam düşüncəli futbol adamlarından düzgün istifadə edəcək.
Hələ ki, ümid edək və “xeyirli-uğurlu olsun“ deyək.
Sərxan Hacıyev isə 3 illik baş katibliyi dövründə “futbol inqilabı” edə bilməsə də, ən azı Elxan Məmmədovun “dəfn etdiyi“ futbolu “qəbir”dən çıxarmasına, Birinci və İkinci Liqalara “həyat verməsinə” görə yadda qalacaq“.