Azərbaycan futbolunu 15 il əvvələ qaytaran QƏRAR

13 Fevral 22:20 Azərbaycan Futbolu 472
Azərbaycan futbolunu 15 il əvvələ qaytaran QƏRAR

Deməli, U-17 liqasında komandalar 3 gündən bir oyun keçirir.

Heç Premyer Liqa klublarımız belə ağır qrafikdə çıxış etməyi fiziki olaraq hazır deyil.

Məsələn, "Qarabağ" 6 fevral Bakıda EFA ilə qarşılaşıb, 8 fevral "Şamaxı"nın qonağı olmalıdır. 3 gündə 2 oyun... Məşqçilərin narazılıqlarına isə məhəl qoyan yoxdur.

Digər əcaib fakt - heyətində 11 legioner olan "Şamaxı"nın U-17 komandası 24 oyunda cəmi 4 qol vurub, öz qapısında isə 242 qol görüb.

Uşaq futbolunu bu təfəkkürdə idarə edənlərdən ölkə futbolunun xilasını gözləmək öz adıma axmaqlıq olar.

"Limit olanda niyə uğur qazanmadıq" deyənlər yuxarıdakı faktlara diqqət etsinlər. Bu, uşaq futbolundakı problemlərin sadəcə 1 damlasıdır. Əgər təməl düzəlməyəcəksə limit ha oldu, ha olmadı? Ölkədə fəaliyyət göstərən 34 klubdan cəmi 5-nin minimum şərtlərə cavab verən məşq meydançası var. Belədə akademiyaların hansı vəziyyətdə olduğu, uşaqların haralarda məşq edib, oyunlara çıxdığını özünüz təsəvvür edin. Təəssüf ki, bu və bu kimi yüzlərlə həqiqəti federasiya rəhbərliyi görməzdən gəldi.

Əlqərəz, limitin ləğv edilməsinə qarşı günlərdi apardığımız mübarizə tam olaraq effekt vermədi. Legioner limitinin ləğvi rəsmi olaraq təsdiqləndi.

Klub sayının artırılması, legionerlərlə bağlı xüsusi bəndlər bizim kimi narazı kütləni ovundurmağa hesablanıb.

Bu mövsüm limit ola-ola ən kasıb klublarımızdan hesab edilən "Şamaxı"da legioner sayı 11, "Kəpəz"də isə 10-du. Gəncəlilər yayda gətirdiyi 5 əcnəbi ilə qışda vidalaşdığını da bildirək. Stadionu olmayan, dövlətin ayırdığı 3 milyona möhtac qalan "Kəpəz" 15 legioneri niyə gətirib? Çempionatda qalmaq üçün. Limit olanda autsayder klub əcnəbilərə bu qədər qucaq açır, görün limitin ləğvindən sonra nələr baş verəcək.

İllərdi start heyətində 7 legioner oynatmaq hüququnu pozan klub görmədim (istisnalar qaydanı pozmur). Hələ bu azmış kimi klublarımız yerli limitinə də milliləşdirilmiş Aleksey İsayev, Riçard Almeyda, Rəhim Sadıxov, Filip Ozobiç, Höccət Haqverdi kimi gəlmələrlə süni müdaxilə ediblər. Nə klublar dəyişib, nə onların rəhbəri. Sizcə, həmin klublar sabah start heyətdə 11 legioner oynatmaq hüququndan istifadə etməyəcək? Təbii ki, edəcək. Və burada ən az günah baş məşqçilərdədir. Çünki rəhbər dəstədə olan hər kəs nəticə tələb edir. Onlara Azərbaycan futbolu, uşaqların gələcəyi maraqlı deyil. Mövsümün sonu iştirak xatirinə avrokuboklara getmək ən müqəddəs vəzifədir. Hətta birinci mərhələdə küçə komandalarına uduzub evə qayıtmaq bahasına olsa belə.

Limitin ləğvindən sonra yerlilər daha çox "ehtiyat fond" olacaq. Cəzalı, zədəli olanda yada düşəcəklər.

Son illər məhz limitin hesabına ortaya çıxan Elvin Cəfərquliyev, Toral Bayramov, Elvin Camalov, Qismət Alıyev, Bəhlul Mustafazadə kimi yerlilər ilk vaxtlar iddialı klubların işinə yarayacaq.

Amma qısa müddət sonra biz onları da çıraqla axtarmalı olacağıq.

Rəqabətdə uduzanlar legioner həyatı yaşayacaq?

Premyer Liqada 33 oyun keçirib Bolqarıstana yollanan Cəlal Hüseynov 1,5 ildə 48 oyun keçirdi. Formada yola saldığımız milli üzvü Avropada nə artırdı ki, rəqabətdə uduzanlar da gedib nə artırsın?

2005-2015-ci illərdə ölkə futboluna xərclənən milyonlar gəlmələrin cibinə getdi. Sonunda da klublar bir-bir dağıldı. Premyer Liqa 8 komandalı çempionat halına gəldi. Uzun müddət durğunluq dövrü yaşandı.

3-cü mövsümdür dövlət bu dəfə iş adamlarının əli ilə yox, birbaşa özü klublara pul ayırır. Məqsəd futbolun kütləviliyini yaratmaq, yerli futbolçu yetişdirmək idi. Liqalar yaradıldı, reqlament bərpa olundu, futbol uzun illər sonra bölgələrə qayıtdı. Və inkişaf cücərtiləri də hiss olunurdu. Xüsusilə reqlamentin işləməsi rəqabəti bir xeyli artırıb. Rəqabət olan yerdə də inkişaf mütləq olacaqdı. Ən azı 2-3 mövsüm gözləyib, tədricən limitin ləğvinə getmək olardı.

Amma bir qrup işbazın pul hərisliyi olmasaydı. Dövlətin ayırdığı dotasiyanı da əcnəbilərə yedirtməyin kanallarını sonunda istədikləri istiqamətə aça bildilər. Demək ki, 2005-2015-ci illər bizə yaxşı dərs olmayıb.

Məhz həmin dönəm iki mövsüm legioner limiti ləğv edilib. söhbət 2008/09 və 2009/10 sezonlarından gedir. Amma effek vermədiyi üçün yenidən limit tətbiq edilib.

Görünür, yenidən 15 il əvvələ qayıdırıq. Gözləyək görək bu dəfə köhnə təcrübə neçə il sınaqdan keçiriləcək. Olsun, nə deyirik. 30 ildi təcrübə yoxlaya-yoxlaya gəlirik. Bu da növbətisi. Təki nəticə eyni olmasın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!
13 Fevral 03:00 Milli "Qarabağ"ı uddu