Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun vəzifəsi ilə vidalaşması tezləşə bilər.
Saytımız bu barədə mötəbər mənbələrdən məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, FPL prezidenti ilə AFFA rəhbərliyi arasında bir neçə aspekt üzrə ciddi fikir ayrılığı var.
Belə ki, Səmədovun Premyer Liqa, I Liqa və II Liqada iştirakçı sayının artırılmasına qarşı çıxdığı söylənilir.
Əvəzində onun III Liqanın yaradılmasını istədiyi barədə xəbərlər var.
Tərəflər arasında mövqeləri haçalayan digər məsələ legioner limitinin ləğvi ilə bağlıdır. Səmədovun bu layihəni dəstəkləmədiyi, əcnəbilərə qoyulan qadağanın saxlanılmasına tərəfdar olduğu bildirilir.
AFFA yaxın zamanda Premyer Liqa ilə bağlı yeni qərar qəbul edəcək. Redaksiyamıza məlumat verilib ki, elita təmsilçilərinə tətbiq olunan legioner rüsumu iki dəfə artırılacaq.
Yüksək liqanın yarışmaçıları əcnəbi futbolçuların iştirak ərizəsinə daxil edilməsinə görə əlavə vəsait ödəyəcək.
Buna əsasən, 8 legionerlə müqavilə imzalayanlar onların hər birinə görə 10 min manat xərcə düşəcək.
7-12 arası xarici oyunçunun qeydiyyata düşməsi üçün 20 min manat istəniləcək. 13-cü və ondan yuxarı sayda legionerin ölkə çempionatında iştirakı üçün 100 min manat vermək lazım gələcək.
Bu dəyişiklik İcraiyyə Komitəsinin qarşıdakı iclasında rəsmiləşdiriləcək.
Eyni zamanda, Peşəkar Futbol Liqası (PFL) səlahiyyətlərindən və maliyyə dayaqlarından birini itirmək üzrədir.
PFL 2025-ci ilin yayından etibarən Premyer Liqa klublarından legioner rüsumu toplaya bilməyəcək.
AFFA İcraiyyə Komitəsinin son iclasında məsələ geniş müzakirəyə çıxarılıb və üzvlərin mütləq əksəriyyəti təklif olunan yeniliyi dəstəkləyib.
Buna əsasən, elita təmsilçiləri müqavilə bağladıqları əcnəbi futbolçuların qeydiyyata alınması üçün vəsait ödəyəcək, amma çempionatın təşkilatçısı olan quruma yox.
Dəyişikliyə görə, AFFA-nın nəzdində xüsusi fond yaradılacaq və klublar məhz ora köçürmə edəcək. Ora toplanan vəsait isə 21 yaşadık yerli futbolçulara şans verəcək iştirakçılar arasında bölünəcək.
Kim onlara daha çox forma imkanı yaradacaqsa, onlar da məbləğin böyük hissəsini əldə edəcək. Hesablama oyun sayına əsasən aparılacaq.
PFL bu pulun bölgüsündə da iştirak eləyə bilməyəcək.
Federasiya prezidenti Rövşən Nəcəf və İcraiyyə Komitəsinin əksər üzvləri əcnəbilərə qoyulan məhdudiyyətin götürülməsinə müsbət yanaşıb.
Limit tam ləğv ediləcək, amma bununla əlaqəli bəzi yeni qaydalar da əsasnaməyə əlavə olunacaq.
Burada legionerlərin iştirak ərizəsinə salınmasından və rüsumlardan söhbət gedir.
Hazırda Premyer Liqada legioner limiti 7+4-dür. Mövcud limit artıq neçə ildir tətbiq olunur.
Elxan Səmədov 2007-ci ildən AFFA-da çalışıb. O, Murad Məmmədovun Hakimlər Komitəsinə sədrlik etdiyi dönəmdə komitənin üzvlərindən biri olub.
2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında təchizat direktoru vəzifəsini yerinə yetirib.
14 ildən artıq müddətdə federasiyanın icraçı vitse-prezdenti və baş katibi işləmiş Elxan Məmmədovun yaxın adamlarındandır. Məhz onun istəyi ilə Premyer Liqada VAR Sisteminin qurulumasına cavabdehlik daşıyıb.
2022-ci ilin iyulundan PFL-in başındadır. Amma ölkə çempionatını təşkil edən qurumun başına Elxan Məmmədovun köməkliyi ilə gəlməyib.
Bu işdə gənclər və idman naziri Fərid Qayıbovdan birbaşa dəstək alıb.
Onun Ramin Musayevin yerinə namizədliyi məhz adıçəkilən nazir tərəfindən irəli sürülüb və həmin vaxt AFFA prezidenti olan Rövnəq Abdullayev bu təyinata qarşı çıxmayıb. GİN-nin başçısı ilə konfliktə girməmək üçün.
Federasiyanın yeni rəhbərliyinin Qayıbovla münasibətlərində isə böyük məsafə var.
İdman naziri özünə yaxın bildiyi şəxslərin heç birini AFFA-nın idarəetmə aparatında, həmçinin İcraiyyə Komitəsində yerləşdirə bilməyib. Eləcə də Elxan Səmədovu.
SPORTİNFO.AZ