Hələ ötən mövsümün sonuna yaxın AFFA rəhbərliyinin Əvəzedici Liqanın ləğv edilməsi barədə qərara hazırlaşdığını xəbər vermişdik.
Hətta bəzi klublarda yeni mövsümə ikinci komandanın olmayacağı barədə kollektivə məlumat belə ötürülmüşdü.
Amma kütləvi narazılıqdan sonra federasiya rəhbərliyi geriyə addım atmalı oldu.
Təəssüf ki, müvəqqəti.
Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan futboluna cavabdeh qurum yenidən Əvəzedici Liqanın ləğvi məsələsini gündəmə alıb.
İcraiyyə Komitəsinin qarşıdakı iclasında məsələnin müzakirə olunması ehtimalı yüksəkdir.
Belə həssas məqamda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun əvəzedici komanda ilə bağlı fikirləri diqqətdən qaçmayıb.
Təcrübəli mütəxəssis "Şamaxı" ilə matçdan sonra verdiyi açıqlamada ikinci komandanın onlar üçün önəmli olmasını aşkar şəkildə dilə gətirib.
Sitat: Aftandil Hacıyev akademiyadadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir".
Gördüyünüz kimi, ölkənin bir nömrəli futbol mütəxəssisi də Əvəzedici Liqanın olmasını vacib hesab edir. Hər halda, əvəzedici komanda vacibdirsə, onun iştirak etdiyi liqanın olması da lazımdır.
Son söz isə AFFA rəhbərliyindədir.
Ümid edək ki, federasiya rəsmiləri Qurban Qurbanovun mövqeyini görməzdən gəlməyəcəklər.
XANOĞLAN İMANOV