Bir neçə gün öncə Azərbaycan futbolunda maraqlı hadisə yaşandı.
"Sabah" və "Şamaxı" arasında keçirilən yoxlama oyununun gedişində region təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qapıçı Abdulla Seyidəhmədova şans verdi.
İlk baxışda burda qeyri adi nəsə yoxdur. İşin qeyri-adi tərəfi baş məşqçinin qapıçıya öz mövqeyində - qapıda yox, digər mövqelərdə şans verməsi idi.
Belə ki, matç zamanı "çərçivə"də olmalı olan Abdullanı müdafiəçi, hətta mərkəz hücumçusu kimi gördük.
Maraqlıdır, Premyer Liqada mübarizə aparan klubun akademiyasında adi yoxlama oyununda şans qazana biləcək bir nəfər də gənc futbolçusu yox idimi? Bu ayrı söhbətin mövzusudur.
Seyidəhmədovun bu matçda oyunçu kimi şans qazanması ölkə futbolunda yerli futbolçu kəmiyyəti (keyfiyyəti yox ha) ilə bağlı sualları yenidən gündəmə gətirdi.
Bu hadisə bizi legioner limitinin ləğv edilməsi ilə bağlı məsələyə fərqli baxmağa məcbur edir. Belə ki, bir qayda olaraq legioner limitinin ləğv edilməsinin əleyhinə olanlar yerli futbolçuların kənarda qalacağını əsas göstərirdilər.
"Şamaxı"nın adi yoxlama oyununda belə meydan oyunçusu tapmayaraq qapıçıya hücumçu kimi güvənməsi isə bu istiqamətdə çatışmazlığın hansı səviyyədə olduğunu göstərdi.
Uzun sözün qısası, Ayxan Abbasov əslində məcburiyyətdən atdığı addımla əslində ölkədə legioner limitinin ləğvinin nə qədər vacib olduğunu sübut etmiş oldu.
Hətta Premyer Liqa klubu belə adi yoxlama oyununda meydana buraxmağa yerli meydan oyunçusu tapmırsa, sabah yüksək liqada komanda sayı artsa klublar hansı futbolçularla oynayacaq?
Bu gedişlə tezliklə yaşıl meydanda top qovan masajçıların, inzibatçıların da şahidi olacağıq.
ELNUR