COP29

"Bu qərar milliyə zərər verəcək" – AFFA-ya XƏBƏRDARLIQ ETDİ

15 Yanvar 22:20 Azərbaycan Futbolu 368
"Bu qərar milliyə zərər verəcək" – AFFA-ya XƏBƏRDARLIQ ETDİ

Son günlərin əsas müzakirə mövzusu Premyer Liqadakı legioner limitidir.

AFFA İcraiyyə Komitəsinin yeni mövsümdən hazırda 7+4 formatında olan limiti ləğv etmək barədə qərar verməyə hazırlaşdığı gələn xəbərlər arasındadır.

Bəs bu addım futbolumuza nə verə bilər? Ümumiyyətlə, belə bir qərara ehtiyac varmı?

Bu dəfə suallarımıza cavab tapmaq üçün veteran futbolçu, uzun müddət uşaq futbolunda çalışan Vasif Haqverdiyevlə əlaqə saxladıq.

Futbol mütəxəssisi əleyhinə olduğu mövzu ətrafında geniş danışıb. O, bir çox vacib məqamlara toxunub və federasiya rəhbərliyinə səslənərək rəsmiləri bu fikirdən daşınmağa səsləyib:

"Bu barədə mətbuatda futbol adamlarının fikirləri ilə tanışam. Rəsmi qərar olmasa da, hər kəs öz subyektiv fikrini söyləyir. Məncə,bu barədə qərarı geniş analiz etmək lazımdır.

2017-ci ildə Birinci Liqaya limit tətbiq olunması ilə bağlı qərar veriləndə "Sabah"ın məşqçisi kimi iclasda mən də iştirak etmişdim. Oyun alqı-satqısı müzakirəyə çıxarılmışdı. Gənclərin oynamasının milli komandaya fayda verməsi düşünülürdü. Bu məqsədlə Əvəzedici Liqa Birinci Liqaya birləşdirildi və 21 yaş limiti tətbiq olundu. Bu səbəbdən çox sayda uşaq 23-24 yaşında futbolu atdı. İki mövsüm sonra liqalar yenidən ayrıldı, limit aradan götürüldü. Sanki səhv qərar verildiyini isbatlamış oldular.

İndi də Premyer Liqada limitin ləğv edilməsi müzakirə olunur. Çox həssas məsələdir. Kimsə klub səviyyəsində inkişaf olacağını düşünür. Mən belə olacağını fikirləşmirəm. Bu gün də Premyer Liqanın iddialı klublarının baş məşqçiləri yaxşı legioneri Azərbaycana gətirməyin çətin olduğunu deyir. Limit ləğv ediləndən sonra hansı metodlar, hansı təkliflə həmin yaxşı əcnəbiləri bura gətirməyə razı salacaqlar? Mənim üçün çox maraqlıdır.

"Qarabağ"ı çıxmaq şərtilə digər klublar yenə bugünkü səviyyədə legioneri gətirəcək. Başqa cür mümkün deyil. Yaxşı legionerləri gətirmək üçün yaxşı meydançalar olmalıdır. "Turan Tovuz"un, yoxsa "Səbail"in süni meydanında oynayacaqlar?

İlk növbədə infrastruktur düzəlməlidir. Bunu hamı deyir, mən də eyni fikir təsdiqləyirəm. AFFA-nın açıqladığı yeni strategiya planında da bunlar var.

Limitin ləğv edilməsindən sonra inanmıram ki, "Qarabağ" kimi digər klublarımız da avrokuboklarda qruplarda çıxış edəcək. İnandırıcı deyil. Limitin ləğvi yerli futbolçulara və milli komandamıza ziyan olacaq.

Bir dövr hər komandada 1 nəfər 21 yaş limiti tətbiq olunurdu. Məncə, onun da ləğv edilməsi yanlış qərar idi. Rəqabət olmadığı deyilirdi. Mən bununla razılaşmıram. Gənclər arasında kifayət qədər rəqabət vardı. Bir klub bir neçə 21 yaşlı gənci heyətdə saxlamalı olurdu. İlk öncə onların öz arasında yaxşı mübarizə gedirdi.

Bu gün də sabiq futbolçu və futbolun içində olan biri kimi limitin ləğv edilməsinin əleyhinəyəm. Yeni mövsümdən 8+3 limit qalsa pis deyil. Klub sayı artırılandan, infrastruktur qurulandan sonra yüksək səviyyədə legioneri bura gətirmək olar.

Düzgün qərar verilməlidir ki, Azərbaycan futbolu növbəti dəfə 5-6 il itirməsin. Hər kəs yerli futbolçu azlığından şikayətlənir. Qıtlığın səbəbi 2005-ci ildən başlayır. O zamandan başlayaraq əcnəbilərin oynaması üçün say hər keçən il artdı. Onda 3 legionerə icazə vardı, bu gün artıq say 7-di.

Limit ləğv edilsə onda yerli futbolçu qıtlığı daha pis həddə çatacaq. Bəziləri fikirlər səsləndirir ki, yerli futbolçular ölkə xaricinə gedəcək. İran çempionatına gedəcəklər? Orada oynayıb milli komandanın səviyyəsini qaldıracaqlar? Başqa hara getmək imkanımız var? Orta səviyyəli futbol ölkələrindən bizim futbolçulara maraq yoxdur. Ehtimal edirəm ki, limit yeni mövsüm üçün ləğv edilməyəcək. Bu qədər futbol mütəxəssisinin rəyindən sonra limiti ləğv etmək absurd qərar olar".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!