Azərbaycan futbol təsərrüfatında II Elxan Məmmədov dönəmi başlayıb.
2022-ci ilin mayında AFFA-nın icraçı vitse-prezidenti və baş katibi postunu FİFA-dakı işə dəyişən funksionerin özü getsə də, vaxtilə bu sahəyə gətirdiyi şəxs onun yerini tutmaq üçün bütün qüvvəsini səfərbər edib.
Həmin zat AFFA-nın nəzdində fəaliyyət göstərən Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevdir.
Elxan Məmmədov AFFA-nı idarə etdiyi 15 ilə yaxın müddətdə daim çalışırdı ki, futbola aid bütün sektorlar onun nəzarəti altında olsun.
O, nəinki milli komandaları, federasiyadaxili prosesləri kontrol edir, hətta klubların daxili həyatına qarışır, ora öz adamlarını yerləşdirirdi.
İstədiyi şəxsi rəhbər vəzifəyə əyləşdirir, istədiyini çıxarırdı. Məşqçi və futbolçu məsələləri belə, ondan xəbərsiz həll edilmirdi.
«Qarabağ», «Qəbələ», «Zirə» və «Sabah» xaricində bütün Premyer Liqa komandalarını öz «çətir»i altında birləşdirmişdi.
Düzdür, adını çəkdiyimiz klubları da ələ keçirməyə çox cəhd göstərmiş, amma gücü çatmamış, bir mərhələdə dayandırılmışdı.
Gözü heç vaxt doymayan və nəfsinə hakim kəsilə bilməyən Məmmədov hər variantı yoxlayırdı ki, bəlkə onları da özünə tabe etdirdi.
Bu gün də Tural Piriyev onu vəzifə başına gətirmiş şəxsin ayaqqabılarını geyinib, yerişini yerimək istəyinə düşüb.
Qeyri-rəsmi olaraq menecerliyə başlayıb.
O, statusundan istifadə edərək, «Mingəçevir» üçün qollarını çırmalayıb. Piriyev yeni himayədarın çətiri altına keçən I Liqa komandası üçün seleksiya işi görməkdədir.
İcraçı direktor bir neçə klubla əlaqə saxlayaraq, futbolçularını «Mingəçevir»ə göndərməyi təklif eləyib. FİF-in idarəçisi onların keçidi müqabilində yüksək maliyyə şərtləri vəd verib.
«İşıqlar şəhəri»nin eyniadlı təmsilçisi ASTA-nın ((Azerbaijan Sport Talents Academy) nəzarəti altına keçib.
11 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda baş məşqçisini dəyişib. Ədahim Niftəliyevlə vidalaşan kollektivin sükanı arxasına Füzuli Məmmədov gətirilib.
Futbolun İnkişaf Fondu 2016-cı ildə təsis olunub. Fondun nəzarət orqanı təsisçilər tərəfindən təşkil olunan Himayəçilər Şurasıdır.
Yalnız «Mingəçevir» Piriyevin təsiri dairəsinə keçməyib. «Turan Tovuz», «İmişli» və «Kəpəz»nin idarəçiləri də onunla hesablaşır, məsləhətləri ilə oturub-durur.
Ehtiram Quliyevlə Tural Piriyevin münasibətləri 3 ilə yaxındır mövcuddur. 2022-ci ilin əvvəlində Tovuz təmsilçisini himayəsinə götürən iş adamı o vaxtdan Tural Piriyevin məsləhətlərinə qulaq verir.
Qulaq vermək azdır, dediyini edir. Bura gəlib-gedən məşqçilərə FİF-in icraçı direktorunun münasibəti necədir - Quliyev üçün əsas budur.
Ayxan Abbasovun ayrılığından sonra bir neçə yerli baş məşqçi postuna namizəd olub, amma İdarə Heyətinin sədri Piriyevin sözüylə gözünü onlardan çəkib, Kurban Berdiyevi iş başına gətirib.
İnd idə «Turan Tovuz» 4 futbolçusunu «Mingəçevir»ə – oyun alqı-satqısına bulaşmış komandaya göndərir.
Kimin vasitəçiliyi ilə? Təbii ki, hörmətli Tural bəyin.
Quliyev Berdiyevdən o qədər çəkinir, adi vaxt futbolçulara yaxınlaşa bilmir, görün, Piriyevin təsir gücü nə qədər çoxdur ki, «alver»in düz mərkəzində yer alan «Mingəçevir»ə 4 gənc oyunçuunu icarəyə verir.
Frid Namazovun «İmişli»nin sükanı arxasına keçməsində Tural Piriyev iştirakçıdır. Hər halda klub funksionerləri FİF-in bir nömrəli şəxsinin prezident Kamran Eyyubovla çox yaxın münasibətlərini gizlətmirlər.
Bilirik ki, I Liqa klubunun başqanı Əsgər Abdullayevi istefaya göndərəndən sonra xeyli sayda məşqçi ilə üzbəüz görüş keçirib, yekunda isə Piriyevin seçiminə güvənib.
Elxan Məmmədov da uzun illər belə edirdi. Yaxşı olar ki, Tural Piriyev bu işləklərindən imtina eləsin, sırf öz işiylə məşğul olsun.
Belə götürəndə, zatən, FİF-in fəaliyyətinə münasibət birmənalı deyil. Çalışıb qurumun reputasiyasını düzəltsin, daha özünü Molla Pənah Vaqifin məşhur əsərlərindən birinin antiqəhrəmanı olan vəzir kimi aparmasın.
Klubların daxili işlərinə qarışmaq Elxan Məmmədova başucalığı gətirmədi, sonunu gətirdi. Tural Piriyev də bilsin ki, onu fərqli aqibət gözləmir.
Çomağın iki başı var, bir gün çanaq öz başında çatlaya bilər.
AFFA rəhbərliyi artıq son hadisələrə səssiz qalmamalıdır. FİF-lə əlaqəli araşdırma aparmağın vaxtının çatmasını dərk etməlidirlər.
Onda sabah federasiyanın başqa bir vəzifəli şəxsi də durub filan klubları qeyri-rəsmi formada idarə etməyə qalxsın - bu özbaşınalığın hansı fəsadlara yol aça biləcəyini təsəvvürə gətirmək çətin deyil.
Rövşən Nəcəfə, Sərxan Hacıyevə, Balakişi Qasımova lazımdırmı bu?
SPORTİNFO.AZ