Gənc hücumçu Mehrac Baxşalı "Qəbələ"dən sonra "Şamaxı"ya da lazım olmadı.
Kaxaber Tsxadadzenin sisteminə uyğun gəlməyən forvard "şirlər"in təklif etdiyi maaşa qane olmayıb.
Bölgə klubu ona 700 manat əməkhaqqı təklif edibmiş.
Bir insanın daha yüksək maaş tələb etməsi və ya özünü buna layiq bilməsi xoş haldı.
Mehrac da özünün dəyərini bundan artıq hesab edib.
Etirazım yoxdur.
Bəs reallıq?
Bir futbolçunun yaxşı potensialı ola bilər. Lakin daha önəmlisi o potensialı aça bilməsidir.
Bir çox "Qəbələ" yetirməsi kimi Mehracın da barəsində zaman-zaman xoş fikirlər eşitmişik. Amma meydanda bunun təsdiqini görə bilməmişik.
Səhv xatırlamıramsa hələ iki mövsüm əvvəl Elmar Baxşıyev onu əsas komandaya cəlb etmişdi.
Təkcə 2023/24 mövsümünün gedişində Premyer Liqanın 15 matçında meydana çıxmaq fürsəti almışdı. Hətta daha əvvəl Konfrans Liqasının təsnifat mərhələsində "Omoniya" ilə görüşdə də Baxşıyev ona meydan verib.
Təəssüf ki, ön xətt oyunçusu ciddi nə iləsə yadda qala bilməmişdi. Hə, kimsə az dəqiqə şansını qabarda bilər. Gərək daha çoxu üçün nəsə edəsən axı.
15 matçda 1 qol, 1 məhsuldar ötürmən yoxdursa, baş məşqçi sənə daha çox necə güvənə bilər?
Premyer Liqa görüşlərini qoyaq bir kənara.
Mehrac heç gənclər millisində də əsas fiqura çevrilə bilməyib.
22 yaşına bir neçə ay qalan futbolçu U-21 millisinin formasında cəmi 1 görüş keçirib.
Belədə "Şamaxı" yox, istənilən klub riskə gedib daha böyük pulundan keçməz.
Məsələn, Mehrac qarşıdakı yarım ili lap 500 manata çıxış edərdi. Yaya kimi həmin 500-ün yanına daha bir sıfır artırmış olardı. Kollektivə fayda vermək, qolları sıralamaqla.
Qısası, öncə haqq etmək lazımdır. 21 yaş pul qazanmaqdan çox, karyeranı düşünmək vaxtıdır.
Onun üçün isə prinsipial olmaq, özünü sübut etmək cəsarətinə sahib olmaq mütləqdir.
Görünür, əksər yerli futbolçular kimi Baxşəlidə də bu çatmır.
XANOĞLAN İMANOV