COP29

2024-də adından söz etdirən 3 İSTEDAD - Berdiyev, Berezutski, Qriqorçuk yox...

2024-də adından söz etdirən 3 İSTEDAD - Berdiyev, Berezutski, Qriqorçuk yox...

Azərbaycan futbolu üçün daha bir il geridə qaldı.

2024-cü il illə bağlı müsbət məqamlar elə də çox deyil.

Bizi sevindirən az hadisələr arasında bəzi gənc futbolçuların önə çıxmasını da qeyd etmək olar.

Düzdü, sayları çox deyil.

Amma yoxa lənət deyib, keçək adlara.

Mustafa Əhmədzadə - "Araz-Naxçıvan"ın 21 yaşlı gənci 7-ci turun "Səbail"lə (3:2) matçında 16 dəqiqə meydanda olmaqla debüt etdi. Meydandakı hərəkətləri ilə yaxşı mənada diqqət çəkən orta sahə oyunçusu barədə elə həmin matçdan sonra Naxçıvan Futbol Federasiyasının rəhbəri Zaur Axundov xoş sözlər səsləndirdi. Qısa müddətdə baş məşqçi Elmar Baxşıyevin güvənini qazanan Əhmədzadə sonrakı 11 turun 9-da şans əldə etdi. Bu da son deyil. İstedadlı gənc qısa müddətdə hətta milli komandaya dəvət aldı. Fernandu Santuş onu Estoniya ilə matçda "18-lik"də yer verdisə, sənəd probleminə görə İsveç səfərinə apara bilmədi.

Murad Məmmədov - Uğursuz ili arxada qoyan "Neftçi"nin tək-tük qazancından biri məhz 18 yaşlı yetirməsi oldu. O, mövsümün birinci yarısında meydana çıxdığı 8 görüşdə 2 qol, 2 məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkə bildi. Bu tempi qoruya bilsə, aşağı yaş milli komandalara dəvət alan Məmmədovun əsas milli komandaya dəvət alacağı gün uzaqda deyil.

Edqar Adilxanov - Ötən mövsüm Birinci Liqada günü ehtiyat oyunçular skamiyasında keçən vinger bu gün adından söz etdirir. Xüsusilə Adil Nağıyev, Georgi Kantariya və İlkin Muradovun gedişindən sonra daha çox oynamaq fürsəti alan 19 yaşlı futbolçu baş məşqçi Ayxan Abbasovun ümidlərini doğrultmaqdadır. Aktivində 2 qolu olan Adilxanovun "Qarabağ"la oyunda vurduğu daha bir qol şübhəli ofsayd qərarı səbəbindən ləğv edilib. Klub bir neçə gün əvvəl gənc futbolçu ilə 2.5 illik yeni müqavilə imzaladı. Təbii ki, məqsəd artıq indidən iddialı klubların transfer siyahısında yer alan oyunçundan gələcəkdə qazanc əldə etməkdir.

Yerli futbolçuları bir az tərifləyən kimi ulduz xəstəliyinə tutulurlar. Ayaqları yerdən üzülür, havada uçurlar. Bunu arxada qoyduğumuz illər çox görmüşük. Ümid edək ki, yuxarıda adı çəkilən gənclər eyni yolu getməyəcəklər. Hələ yolun başlanğıcındadırlar. Əsas iş isə qarşıdadır. Bundan sonra daha çox çalışmaq, artırmaq mütləqdir.

Hər üç gənclə bağlı diqqət çəkən ortaq bir məqam ondan ibarətdir ki, onlara şans verən, potensialını açan, hər kəsə tanıdan rusiyalı Vasili Berezutski, türkmənistanlı Kurban Berdiyev, ukraynalı Roman Qriqorçuk yox, azərbaycanlı məşqçilər - Elmar Baxşıyev, Ayxan Abbasov və Samir Abasov olub.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti