Qış transfer pəncərəsinin açılmasına sayılı günlər qalmış klublar öz axtarışlarını davam etdirir.
Təbii ki, yenə əsas diqqətlər yönələcək xarici bazara.
Amma burada bir məqam Premyer Liqa təmsilçilərini qayğılandırmaya bilməz.
Söhbət əcnəbi futbolçulara görə Peşəkar Futbol Liqasına ödənilən rüsumdan gedir.
Sifariş olunan ilk 7 legioner üçün rüsum 5000 manatdırsa, 8-12-ci yerlər aralığında edilən gəlmələrin xərci 10 min manat təşkil edir.
13-cü və daha sonra heyətə qatılanlar üçün rüsum tələbi isə 50 min manatdır.
Ən vacib fakt odur ki, göndərilən futbolçunun yeri boşalır da rüsumla bağlı hesabata bunu aid etmək olmaz.
Məsələn, X bir klub qışa kimi 12 legionerin xidmətindən istifadə edibsə, fasilədə hamısı yola salınsa belə yeni əcnəbi transferi 13-cü legioner kimi hesablanacaq. Və 50 min manat rüsum ödəmək lazım gələcək.
İddialı kollektivləri bir kənara qoyaq. İddialı olduqları kimi, imkanları da var. Əlavə xərcə düşmək onlara problem deyil.
İstədikləri futbolçular tapılarsa, lazım olan xərci çəkəcəklər. Ha 50 min, ha 100 min olsun.
Dərd kasıbların - "Sumqayıt", "Kəpəz", "Səbail" və "Şamaxı"nın dərdidir.
Düzdü, "kimyaçılar"ın düşmən zonasından bir xeyli aralıdır. Amma heyətdəki "yarpaq tökümü" onların da Liqada qalmaq üçün mübarizə aparacağından xəbər verir.
Açığı, hər birinin güclənməyə ehtiyacı var. Bəs qışa kimi heyətlərində yer alan legioner sayı qış transfer pəncərəsində güclənməyə nə qədər imkan yaradır?
Adıçəkilən komandaların bir legioner üçün 50 min manat ödəniş edəcəyi inandırıcı deyil. Ona görə də müqayisəni 12 nəfər üçün tələb olunan limit üzərindən aparacağıq.
Bəribaşdan deyək ki, burada ən şanslı komanda "Şamaxı"dır. Bu mövsüm "şirlər" 8 legioner sifariş edib. 5 min manatlıq limit arxada qalıb. Növbəti 4 yeni əcnəbinin hər biri 10 min manat rüsum deməkdir. Amma Kantariya ilə yolların ayrılmasının üstünlüyü var. Ki, gürcüstanlı üçün nəzərdə tutulmuş maaş yeni transferlərdən birinin qarşıdakı yarım ili üçün xərclənə bilər.
"Səbail" də ilk 8 legioner sayını doldurub. "Şamaxı" kimi onlar da növbəti 4 əcnəbinin hər biri üçün 10 min manat ödəməli olacaq.
Ən pis durum "Kəpəz" və "Sumqayıt" cəbhəsindədir.
Adıçəkilən son iki klub 11 legionerin xidmətindən istifadə edib. 10 minlik rüsum limitində 1 yer boşdur. Növbəti keçidlərin hər biri klubun 50 min manat xərcə düşməsinə yol açacaq.
Klublarımızın dadına çata biləcək bir məqamı da mütləq qeyd etmək yerinə düşər. Son 12 ayda ölkəsinin U-21 və əsas milli komandasında çıxış etmiş legionerə görə rüsum tələb olunmur. Qalır həmin ağ atlı oğlanı tapmaq, bura gəlməyə razı salmaq. Özü də qış transfer pəncərəsində.
Bir sözlə, hardan baxsaq Premyer Liqada qalmaq uğurunda mübarizə aparacaq 4 komandanın mövsümün ikinci yarısı üçün güclənməsi heç də asan olmayacaq. Yüz ölçüb, bir biçmək lazım gələcək. Seçim etmək imkanları dar, səhv etmək limiti isə sıfıra bərabərdir.
Görək bu sınaqdan kim üzüağ çıxa biləcək.
Sonda xatırladaq ki, qış transfer pəncərəsi yanvarın 11-də açılacaq, fevralın 8-də isə bağlanacaq.
XANOĞLAN / SPORTİNFO.AZ