COP29

AFFA-nın "gizli hesabatı"

22 Dekabr 23:20 Azərbaycan Futbolu 246
AFFA-nın "gizli hesabatı"

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi.

Futbol ictimaiyyəti toplantıdan yalnız axşam saatlarında xəbər tutdu.

Sportinfo.az xəbər verir ki, iclasın keçiriləcəyi barədə öncədən məlumat verilmədi. Halbuki əvvəllər AFFA-nın saytında toplantının gündəliyi və tarixi barədə informasiya dərc olunurdu.

Ancaq bu dəfə hər kəs iclasdan, bitdikdən sonra xəbər tutdu. Bir sözlə, AFFA İcraiyə komitəsinin iclasını tam məxfi şəraitdə keçirdi.

Toplantıda müzakirə olunan məsələlər də açıq deyil. Guya Milli komandanın baş məşqçisi Fernandu Santuş öz işi, texniki direktor Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə yığmaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. Bundan başqa, AFFA-nın inkişaf strategiyası ilə bağlı son durumun müzakirə olunduğu və 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacağı bildirilib.

Göründüyü kimi heç bir məsələ açıq şəkildə təqdim edilməyib. İctamiyyət toplantıdakı başqa yenilikləri həmişə olduğu kimi mətbuatdan öyrəndi. AFFA-dakı yeni rəhbərlik az qala bir ildir ki, fəaliyyətdədir. Ancaq onlar ictimaiyyətdən qaçmağa, məsələləri bağlı qapılar arxasında müzakirə etməyə meyillidilər.

Futbol ictimaiyyəti AFFA-da baş verənlərdən ciddi şəkildə narazıdır. Tanınmış funksioner Tahir Süleymanov federasiyanın yeni rəhbərliyinin idarəetmədəki ləngliyindən narazıdır. O, futbolun mövcud vəziyyətinə operativ müdaxilə edilməməsinin vaxt itkisi ilə nəticələndiyini və daha da geriləməyə səbəb olduğunu bildirir:

"Qeyd etdiyiniz kimi, AFFA İcraiyyə Komitəsinin toplantısı artıq ənənə halını almış müzakirələr fonunda baş tutdu. Dəfələrlə fikirlərimi bildirmişəm, Azərbaycan futbolunun mövcud durumunda strateji baxımdan hər ay bir ilə, bir futbol mövsümü 3-5 ilə bərabərdir. Vəziyyətdən çıxış yolları üçün dərin təhlillər, dəqiq diaqnoz, operativ, qəti, doğru addımların atılması zamanı çoxdan yetişib, hətta gecikib artıq. Hesabatlar, müzakirələr limiti bitib! Pərakəndə, naşı, görünən-görünməyən daxili çəkişmələr, yumşaq ifadə edilsə, fikir ayrılıqları çərçivəsində atılan addımlarla ölkə futbolunun dirçəlməsi mümkünsüzdür.

AFFA öz seçiciləri və futbol ictimaiyyəti qarşısında hesabat verməyə borclu olduğu qədər, qəbul ediləcək qərarların öncədən cəmiyyət arasında müzakirəyə çıxarılması çox vacib amildir və ümumi prosesin xeyrinədir. Yola salacağımız il ərzində nəinki dünya futbolunda, qlobal olaraq planetdə o qədər taleyüklü, dünyanı, ölkələri dəyişən və dəyişəcək proseslər baş verib ki, bunun qarşılığında AFFA-nın futbolun inkişaf strategiyasını vaxtında ərsəyə gətirə bilməməsi təəccüb doğurur.

Gec də olsa, kağız üzərində yazılacaq strategiya ilə iş bitmir, bunun praktikada həyata keçirilməsi önəmlidir. Rəsmi şəkildə təkliflərimiz verilib, istənilən köməyin ediləcəyi təşəbbüsü göstərilib. Bu vaxt ərzində Millətlər Liqasında qrup oyunları başa çatıb. Onsuz da qat-qat öndə olan Avropa ölkələri yerində saymır, inkişaf edirlər. Belə yanaşma, "operativliklə" Azərbaycan futbolu nəinki rəqiblərinə çata bilər, ancaq D liqasına yuvarlanar.

İllərdi qalaq-qalaq yığılan problemlərin, meydanda göstərilən oyun səviyyəsi kimi, "piyada futbol" gedişləri ilə həll ediməsi utopiyadır. Azərbaycan futbolunda hər ilin itirilməsi, minimum bir yaş qrupunun, yeni futbol nəsillərinin məhv edilməsinin davam etdirilməsi deməkdir. İctimaiyyətdən, görüşlərdən qaçmaqla, vaxt udmaqla Azərbaycan futbolu dirçələ bilməz!"

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"