COP29

Azərbaycan futbolunun ƏN DƏRİN problemi - Nə AFFA, nə də klublar günahkardır

22 Dekabr 22:05 Azərbaycan Futbolu 298
Azərbaycan futbolunun ƏN DƏRİN problemi - Nə AFFA, nə də klublar günahkardır

Azərbaycan futbolu hər keçən gün geriyə gedir.

Bu gün "Qarabağ"ın uğurlarını bir kənara qoysaq, ortada çox biabırçı mənzərə canlanacaq.

Məsələn, nə milli çempionat illər əvvəlkindən ciddi mənada fərqlənəcək, nə də klublarımızın avrokuboklardakı nəticələri. Dəyişən şəraitin yaxşılaşdırılması, təşkilatçılığın peşəkarlaşmasıdır.

Milli komanda əvvəlki illərdə seçmə mərhələlərdə dişinə görə rəqibləri məğlub edər, ən azı 1 sürpriz nəticə ilə azarkeşləri sevindirərdi.

İndi o da yoxdur.

Və çıxış yolunu kimdən soruşsaq, əsas səbəb kimi uşaq futbolunda olan problemləri qabardacaq. Xüsusilə infrastruktur və çempionatların təşkilini. Ağzını açan bu iki məsələdən iki əlli yapışır.

Həqiqətənmi, məsələnin tam həlli bu qədər asan və sadədir?

Təəssüf ki, xeyr. Bəli, infrastrukturla bağlı problemlərimiz var. Düzəlməsinə böyük ehtiyac olduğu görünür.

Amma problemlər daha dərindədir. İnfrastruktur uşaq futboluna lazımdır.

Boşluqlar isə uşaq futbolundan da qabağa gedib çıxır.

Fikrimizi müqayisələrlə əsaslandırmağa çalışacağıq ki, həqiqət daha aydın seçilsin.

Bu gün bərbad infrastrukturdan, diqqətin ayrılmadığı uşaq liqalarından danışırıq.

Bəs illər əvvəl necə idi? Müqayisədə durum daha bərbad idi. Nə indiki qədər stadion, nə də indiki qədər uşaq liqaları keçirilirdi.

Sumqayıtda yaşadığım üçün elə müqayisəni də bu şəhər üzərindən aparacam. Nəzərə alaq ki, ölkənin ən yaxşı futbolçu patensialı olan 2-3 ünvanından biri Sumqayıtdır. Əgər burada mənzərə belədirsə, əminəm ki, digərlərində də aşağı-yuxarı eynidir.

Xatırlayıram ki, 20 il əvvəl Sumqayıtda cəmi iki meydan vardı. Şəhərin "Gənclərbirliyi" komandasının rəqiblərini qəbul etdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və indiki "Kapital Bank Arena"nın yerində yerləşən yardımçı meydan. Bütün yaş qrupları məhz həmin yardımçı meydanda məşq edir, oyunlarını keçirirdi. Hətta əsas komandanın da bəzən orada hazırlıq keçdiyini görə bilərdik. Təbii örtüklü meydanın əksər yerində torpaq sahəsi aydın üzə çıxırdı. Təxminən 12-13 kvadratmetr sahəsi olan otaqda 20-dən artıq uşaq paltar dəyişirdi. Yuyunmaq üçün faktiki imkan yox idi.

Bu gün isə "Sumqayıt" futbol klubunun akademiyasının məşq etmək üçün ən azı əlavə 2,3 meydanı, paltar dəyişmək üçün müasir paltardəyişmə otaqları var.

Bu gün U-8 liqası keçirilir. Əvvəlki illərdə bu yaşda iştirak etmək üçün çempionat yox idi.

20 il əvvəl uşaqlar məşqə indiki kimi 5-6 yaşında yox, 8-9 yaşında, bəzən daha gec gəlirdi.

Amma 20 il əvvəl daha istedadlı uşaqlar Azərbaycan futbolunda görə bilirdik. Milli komandaya kimi yüksəlmiş, kifayət qədər yaxşı karyera yaşamış sumqayıtlı futbolçuların demək olar hamısı həmin şəraitdə özünü inkişaf etdirə bilmişdi.

Son illər Azərbaycan millisində çıxış edən yeganə sumqayıtlı futbolçu Xəyal Nəcəfovdur. 27 yaşlı futbolçunun aktivində cəmi 3 oyun var.

Bəs müqayisədə daha yaxşı infrastruktura sahib olduğumuz, daha çox diqqətin göstərildiyi, liqaların keçirildiyi indiki dövrdə niyə pis şəraitdə ortaya çıxanlardan yaxşısı yox, elə eynisi səviyyədə olan futbolçular görmürük?

Problemin daha dərindən olmasını deyəndə məhz bu məqamı nəzərdə tuturduq.

Çünki o dövrdə uşaqlar topu yalnız klubun akademiyasında görmürdü. Futbolu yalnız klubun akademiyasındakı 1 saatda yaşamırdı.

Hər məktəbin futbol meydançası fəaliyyət göstərirdi. İdman dərslərində məktəbli formasında olsa belə, həftədə 2 dəfə uşaqlar orada futbol oynayırdı.

Tez-tez məktəblər arasında böyük rəqabətə yol açan çempionatlar təşkil olunurdu.

İdman zallarının, yaşayış binalarının həyətində torpaqdan, asfaltdan da olsa futbol meydançası olurdu. Ən pis halda həftəsonları və tətillərdə uşaqların günü o meydanlarda keçirdi.

İndi valideylər uşaqlarını 6-7 yaşında futbola yazdırır. Uşaq dəri kürəni, komanda yoldaşını ilk dəfə onda görür.

Amma əvvəlki dönəmdə 4-5 yaşından uşaq küçədə futbol görürdü. Top dalınca qaçır, topu sevir, hiss edirdi.

Bu gün həmin məktəb stadionlarının yerində ya məktəbin yeni korpusu tikilib, ya da yaşayış binası.

Bu gün əksər həyətlərdə futbol meydançası ümumiyyətlə nəzərdə tutulmur. Olanların da yerini maşın dayanacaqları alıb. Nəinki həyətlərdə, hətta küçələrdə belə futbol oynamaq üçün boşluq yoxdur.

Əminliklə deyirəm ki, ən azı son 10 ildə əvvəlkindən daha yaxşı infrastruktura sahibik.

Liqalar daha yaxşı keçirilir.

Amma əvvəlki kütləvilik yoxdur. Kütləvilik akademiyalarının qapısını kəsən uşaq sayında deyil.

Məktəblərdə, məhəllələrdə nə qədər uşağın futbol oynamasında həmçinin məktəblərarası, məhlələr arasında çempionatların varlığındadır.

Biz faktiki bunun heç birini görmürük. Günahkarı isə nə AFFA-dı, nə də klublarımız.

Ona görə də futbolumuzun inkişafını istəyiriksə, milli komandanın baş məşqçisini, "Qarabağ"ın avrokuboklardakı nəticələrini, elə uşaq futbolundakı infrastrukturun çatışmazlığını da yox, məktəblərdə, məhəllələrdə tarixin yaddaşına köçən futbol ənənələrini geri qaytarmaq barədə daha çox düşünməliyik.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"