Birinci Liqanın 8-ci turunda çempionluğa iddialı "Karvan" və "Qəbələ" üz-üzə gəldi.
Yevlax şəhəri stadionunda keçirilən matç qonaqların qələbəsi ilə yekunlaşdı - 0:1.
Amma futbol ictimaiyyəti nə nəticəni, nə də meydanda baş verənləri müzakirə etdi.
Buna meydançanın bərbad örtüyü səbəb oldu.
Futbol oyununun keçirilməsi üçün yararsız hesab edilə biləcək meydanda hansı futboldan danışa bilərik?
Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postuna gətirilməsinə məhz buna görə qarşıyam.
Mən də gözəl bilirəm ki, yığmanın məğlubiyyətlərinin sonuncu günahkarı portuqaliyalı mütəxəssisdir.
Birincisi isə onu bu vəzifəyə təyin edən AFFA rəhbərliyidir. Başda Rövşən Nəcəf olmaqla İcraiyyə Komitəsinin bütün üzvləri.
Birinci Liqanın çempionluq matçı bu cür arenada keçirilirsə, Santuş bizim nəyimizə lazımdır?
Yevlax şəhər stadionu hələ abırlı hesab etdiyimiz futbol meydanları arasındadır.
Aylarla davam edən təmirdən sonra qapıları azarkeşlərin üzünə açılan İmişli şəhər stadionunun durumu da ürəkaçan deyil.
Özünə hörmət edən futbolçu məcbur qalmasa "Baku Sportinq Arena"ya ayaq basmaz.
Lökbatan Olimpiya Kompleksinin meydançasından danışmaq isə vaxt itkisidir.
Təkrar: Bu mənzərə qarşısında Santuş bizə lazımdırmı?
Milyonların əcnəbi mütəxəssisə verilməsi məntiqsiz deyilmi?
72 yaşlı mütəxəssis və 3 nəfərlik əcnəbi məşqçilərdən ibarət korpusunun maaşından əlavə Bakının ən dəbdəbəli yerində qalması, gündəlik qidalanması, nəqliyyat xərcləri kifayət qədər böyükdür.
Əgər Qvardiola da gəlsə, bu milli ciddi nəsə əldə etməyəcəyini hər kəs dilə gətirirsə, deməli Santuşun yolunda axıdılan bu pullar boşunadır.
İndiki AFFA rəhbərliyi də sələfləri kimi ağına-bozuna baxmadan milyonların puç olmasını görməzdən gəlir.
Həmin pulların qəpiyinə belə ehtiyacı olan Azərbaycan futbolu isə Yevlax, İmişli stadionlarında canını tapşırmaqdadır.
Hə, kimsə sual edə bilər ki, AFFA stadion tikən, meydança salan qurumdur?
AFFA klublara pul paylayan qurum da deyil. Amma bizdə sistem belə qurulub. Pulu payladıqları, nəzarət etdikləri kimi, stadionları tikmək, meydançalar salmaq da onların borcudur.
Bu gün Birinci və İkinci Liqa klubları bütövlükdə AFFA-dan onların balansına köçürülən pulun hesabına ayaqdadırlar. Birinci Liqa klublarına 300 min, İkinci Liqa təmsilçilərinə isə 50 min manat dotasiya ayrılır.
Hansı klub rəsmisini dindirirsən ayrılan yardımın azlığından danışır. Çətinliklə xərcləri ödədiyini bildirir.
Belədə olmaz ki, Santuş kimilərə verilə milyonlar elə bu klublara ayrılsın? Onların infrastrukturunun yaxşılaşdırılmasına sərf edilsin?
Bunu baş düşmək üçün nə baş, nə də proqram lazımdır.
Belçika şirkətlərinin gəlməsinə, ölçüb-biçməsinə isə ümumiyyətlə gərək yoxdur.
XANOĞLAN İMANOV