İkinci Liqanın 8-ci turu Şimal derbisi ilə yadda qaldı.
"Hypers Guba" Quba Olimpiya İdman Kompleksində stadionunda Qusarı təmsil edən "Şahdağ Qusarı" komandasını qonaq edib.
Gərgin keçən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:3.
Meydan sahibləri qeydə alınan nəticəyə görə baş hakim Səbuhi Bayramovu günahkar görüb.
Referinin qərarlarından qəzəbli olan bölgə klubu etirazını öz sosial şəbəkə hesabından bildirib.
Özü də ironiya ilə fit sahiblərini ələ salaraq.
Paylaşımı olduğu kimi təqdim edirik:
"Hörmətli həkim, bu gün meydandakı "müalicəniz" komandanıza tam "şəfa" gətirdi, amma bizim üçün sanki yanlış diaqnoz qoyuldu. Verdiyiniz "reseptlər" bir tərəfi tam sağlam, o biri tərəfi isə çarəsiz buraxdı. Sizin "yardımınız" sayəsində oyunun axarı tamam dəyişdi, elə bil ki, kimə "dərman" verəcəyiniz əvvəlcədən bilirdiniz.
Ümid edirik ki, gələcəkdə bu cür "peşəkar" yanaşmalarınızı bir az daha diqqətlə tətbiq edərsiniz, çünki belə "müalicələr" futbolun ruhunu incidir".
XANOĞLAN/ SPORTİNFO.AZ